Misli Premyer Liqasının XXI turundan təxirə salınmış "Neftçi" – "Qarabağ" oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– "Neftçi"ni təbrik edirəm. Qarşımızda əzmkar, istəkli rəqib var idi. Futbolçularıma da təşəkkür edirəm, sona qədər mübarizə apardılar. Futbolda belə hallar olur. Qələbə "Neftçi"nin haqqı idi. İlk oyundan sonra da demişdim ki, bu matç daha çətin keçəcək. Stadionda yaxşı atmosfer var idi. Azarkeşlərə təşəkkür edirəm. Düzü, bizə istirahət lazımdır, amma qarşıda oyunlarımız var. Çempionlar Liqasından uzaqlaşsaq da, hələ sıx qrafikdəyik. Futbolçularım üçün çox yaxşı, təcrübəli il oldu. Onu da qeyd edim ki, ağır bir mövsüm keçirdik. Məğlubiyyətlər də oldu, amma yenə də futbolçulara təşəkkür edirəm.
– "Neftçi"yə qarşı iki fərqli oyun oldu. Sizcə, ilk matçdakı məğlubiyyətin onlara motivasiya baxımından necə təsir etdi?
– "Neftçi"nin daha hazırlıqlı olacağını gözləyirdik. Bu dəfə ciddi və motivasiyalı idilər.
– İlk oyundakı böyükhesablı qələbəniz futbolçularda rahatlıq yaratmadı?
– Ola bilər, ancaq çalışdıq ki, oyunçular bu haqda çox düşünməsin. "Neftçi"nin keyfiyyətli, sürətli futbolçuları var. Komandam nə qədər köklənməyə çalışsa da, rahatlıq oldu. İlk dəqiqələrdən bunu hiss etmək mümkün idi.
– Montielin zədəsi oyuna necə təsir etdi?
– Gözlənilməz dəyişiklik oldu. Oyundan əvvəl planlarımız fərqli idi. Bu gün Pedro Bikalyonu ehtiyatda saxladıq, çünki son 9 oyunda daim meydanda qaldı. Montielə çox şans vermək istədik, amma o da zədə aldı. Planlarımızda olmayan əvəzetmələr etdik. Sonradan oyuna daxil olan futbolçular da pis təsir bağışlamadı. Futbolda son dəqiqə qolları azarkeşlərin gözlədiyi anlardandır. Bu gün "Neftçi"nin günü idi.
– "Sabah" ilk dəfə çempion oldu. Bu haqda nə deyə bilərsiniz?
– Onları təbrik edirəm. İstənilən komandamızın uğurlarını qeyd etməliyik. Son bir ayı, ay yarımı götürsək, çempionatın bütün matçları sıx qrafikdə alındı. "Sabah"a 3, "Neftçi"yə qarşı 2 oyun keçirdik. Həm azarkeş, həm oyun tempi baxımından fərqli oldu. İlboyu olan yorğunluğa baxmayaraq, bu matçlarda yaxşı təsir bağışladıq. Nəticələrin dəyişməsi futbol kütləsinin də sayını artırır. Bu, intriqanın böyüməsinə, məsuliyyətin çoxalmasına səbəb olur. "Sabah"ı bir daha təbrik edirəm.
– İkinci pilləni itirmək təhlükəsi sizi narahat etmir?
– Qarşıda "Turan Tovuz"la matç var. Onlar da yaxşı hazırlaşıb, narahatlıq normaldır. Bu il futbolçularım böyük xarakter göstərib. İnanıram ki, onlar yenə maksimumu edəcəklər.
– Bu mövsüm çempion ola bilməməyinizin səbəbini nədə görürsünüz?
– Bir neçə səbəb var. Ola bilər ki, çempionata tam hazırlaşa bilmədik. Digər tərəfdən, Çempionlar Liqası bizi çox yordu, həqiqətən. Bəzi detallar da var. Oyunçulara ümumi təkliflər, onların diqqətinin yayınması və s. Bunları qabartmağa ehtiyac yoxdur, amma motivasiyaya təsir edirdi. Eyni zamanda, qarşımızda yaxşı "Sabah" var idi. Bütün diqqətlərini çempionata yönəltmişdilər. Demək olar, hansısa oyunda boşluqlar vermədilər. Bəlkə də, bu çempionata tam hazır deyildik. Gücümüzü bölüşdürə bilmədik. Həmişə çempion olası deyilik. İstənilən ölkədə bu hallar olur. Bəzi nüanslar var, bunları düzgün təhlil etməliyik. Çempion ola bilməməyimizi qəbul edirəm. Futbolçuların hansı əziyyəti çəkdiyini anlayıram. Bu mövsüm rəqiblər çox istəkli idilər. İstər "Neftçi", istər "Sabah", istər "Zirə". Onlar da hədəflərinə çatmaq üçün böyük işlər gördülər. Bu mövsümdən nəticə çıxarıb, qarşıdakı illərə hazırlaşacağıq. Ümumi baxanda isə futbolçulardan razıyam.
– Yayda klubda ciddi dəyişikliklər gözlənilir. Hazırda transfer məsələləri ilə bağlı durum nədir?
– Danışıq apardığımız futbolçular çoxdur. İşimizin 60-70 faizini transfer məsələlərinə yönəltmişik. Dəyişikliklərə ehtiyac var. Nə qədər alınacağını bilmirəm. Hər şey istədiyimiz kimi olsaydı, çalışmaq da rahat alınardı.
– Bəzi futbolçular son oyunlarda performans baxımından artırıb. Hansısa oyunçu var ki, onlarla bağlı fikriniz dəyişib?
– Hələ bir şey yoxdur. Milli komandalarda oynayan futbolçular da çox yorulurlar. Marko Yankoviçə istirahət verəndən sonra özünə gəldi, performansını bərpa etdi. Bir neçə oyunçu haqda təxmini düşüncələrimiz var. Məsələn, kimlərinsə getməsi normaldır. Lakin müqavilələri olanlar var və onlarla da razılaşmalıyıq.
– Elvin Cəfərquliyevlə bağlı son durum nədir?
– Hələ yenilik yoxdur. Planımı tam tutmamışam. Qarşıda bir neçə oyun var.
– Onunla görüş planlaşdırırsınız?
– Hələ ki, görüşməmişik.
– Abbas və Elvin əvəzedici komandaya göndərilsə də, orda da oynamır.
– İstəsələr, oynaya bilərlər.