Çempionlar Liqasının V turunda keçirilən "Napoli" – "Qarabağ" oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

 

– "Napoli"ni və baş məşqçi Antonio Konteni təbrik edirəm. Oyuna gəlincə, oyunumuzdan razı qaldım. Məğlub olsaq da, oyunçular çəkinmədi, sona kimi cəsarətli oynadılar. Qarşımızda çox keyfiyyətli rəqib var idi. Dünən də qeyd etdim, bu turnirdən həzz almalı və böyümək üçün hər oyun inamlı olmalıyıq.

 

– Həm öz, həm də rəqibin oyununda nələr gözlədiyiniz kimi olmadı?


– Hər şey düşündüyümüz kimi idi. Sadəcə qoldan əvvəl dəyişiklik edəndə – 5-li müdafiədən 4-lü müdafiəyə keçəndə 8-10 dəqiqə itirdik. Bu müddətdə komandada anlaşılmazlıq oldu və oyunun taleyi həll edildi. Ustalığı yüksək olan futbolçular bundan istifadə etdi. Futbolçulara irad bildirəsi nəsə yoxdur.

 

– Medinanın oyundan çıxmasını qırılma nöqtəsi adlandırmaq olar?


– Belə gərgin keçən matçlarda düşünülməyən əvəzetmələr planlara mane olur. Sami Mmae oyuna pis qoşulmadı. Sadəcə Medinanın son matçlardakı çıxışı və təcrübəsi belə matçlar üçün daha yaxşı olardı.