"Qarabağ"ın futbolçusu Marko Yankoviç "Sabah" oyunundan sonra baş hakim Rəvan Həmzəzadə ilə mübahisəsindən danışıb. Sport24.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi həmin epizodların yer aldığı videoya bu şərhi yazıb:
"Özünü ciddi jurnalist və ağıllı insan kimi təqdim edirsənsə, mən səndən aşağıdakı suallara cavab verməyini istəyirəm:
Əgər mən onu vurmaq istəsəydim, bunu etmək üçün kifayət qədər imkanım olmazdımı?
Əgər 20 nəfərin reaksiyası eynidirsə, mümkündürmü ki, onların hamısı dəli və yalnız 1 nəfər haqlı olsun?
Aranızda heç özünə sual verən olubmu ki, hakimin hansı sözü və ya hərəkəti, məndə belə bir reaksiya doğurdu?
Və xeyr, bu, penalti olduğunu düşündüyüm üçün deyil. Məsələ ondadır ki, meydanda ilk dəfə ondan VAR-a baxmağı xahiş edəndə o, mənə qırmızı vərəqə verdi və "rədd ol" dedi! Təkcə bir dəfə deyil, dəfələrlə və yalnız mənə yox! Üstəlik, meydanda ən sakit davranmalı olan şəxs – hakim, məni paltardəyişmə otağına dəvət edir?! Niyə? Mənimlə dava etmək üçün? Bu, absurddur və onun peşəsinə qarşı tam qeyri-peşəkar və hörmətsiz davranışdır. Qərarı ilə razılaşmaya bilərəm, amma onu təhqir etməmişəm. Unutmayın ki, bu, "Qarabağ"da 4 il ərzində ilk qırmızı vərəqəmdir və karyeramda ikinci dəfədir. Fikirləşin".
"Qarabağ" "Sabah"a 1:2 hesabıyla uduzub.