"Mövsümün ikinci yarısına hazırlıq əvvəlcədən nəzərdə tutulmuş plan üzrə davam edir". Bu sözləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Şahin Şahniyarov deyib.

Millinin də şərəfini qoruyan gənc futbolçu "qırmızı-qaralar"ın təlim-məşq toplanışını dəyərləndirib: 

"Komanda qısa fasilədən sonra bir araya gəldi. Bu səbəbdən hazırda daha çox fiziki formamızı bərpa etmək üzərində çalışırıq. Toplanış dönəmində artıq bir oyun keçirmişik. "Kəpəz"lə gğrüşdə texniki səhvlər çox oldu. Amma başa düşürük ki, ilk oyundur. Bu, baxımdan çox da məyus deyilik. Yoxlama görüşü olmasına baxmayaraq qələbə qazandığımız üçün xoşbəxtik".

Futbolçu komandaya yeni transferlərin gəldiyini də vurğulayıb: 

"Məncə, onlarla birlikdə daha möhkəm komanda olacağıq. Bu da nəticələrə təsir göstərəcək. Bizim komanda buna qadirdi. İnanıram ki, mövsümün ikinci yarısında uğurlu qrafik cızaraq turnir cədvəlində mövqeyimizi daha da yaxşılaşdıracağıq".