Qazaxıstan millisi iyunda Azərbaycan və Slovakiya yığmalarına qarşı UEFA Millətlər Liqasının qrup oyunlarına ciddi itkilərlə çıxacaq. Sport24.az xəbər verir ki, komandanın 9 aparıcı futbolçusu ilk 2 tur matçlarını buraxa bilər.

Millinin liderlərindən olan Moskva MOİK-inin yarımmüdafiəçisi Baktiyar Zaynutdinov qasıq nahiyəsində zədədən əziyyət çəkir. Çox güman ki, 24 yaşlı futbolçu növbəti dəfə əməliyyat olunacaq və ən azı iyulun sonunadək yaşıl meydanlardan kənarda qalacaq.

Bərpa prosesi keçən Yuri Loqvinenko və Serikjan Mujikovun da meydana çıxmaları sual altındadı. Nizam-intizam probleminə görə əsas komandadan kənarlaşdırılmış İslambak Kuatın yenidən çağırılmaq ehtimalı azdı.

Bauırjan İslamxan və Ruslan Valiullin dopinq səbəbindən müvafiq olaraq 2022-ci ilin sonuna və 2023-cü ilin sentyabrınadək diskvalifikasiya olunublar.  Qeyri-rəsmi məlumata görə, martda Moldova ilə UEFA Millətlər Liqasının pley-off mərhələsinin oyunları öncəsi dopinq-testdən keçə bilməyən Aybol Abikeni də belə bir cəza gözləyir. Onun taleyinə tezliklə aydınlıq gələcək.

Abzal Beysebekov və Aleksandr Maroçkin isə mövsümün son oyunlarını buraxıblar ki, bu da zədə səbəbindəndi. Onlar hazırda fiziki baxımdan optimal formada deyillər.

Qeyd edək ki, Qazaxıstan millisi iyunun 3-də Azərbaycanı qəbul edəcək, 3 gün sonra isə Slovakiyanın qonağı olacaq.