"Qarabağ" ötən gün UEFA Avropa Liqasında növbəti oyununu keçirdi. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda Rumıniyanın FCSB komandasına 2:3 hesabı ilə məğlub oldu. 

 

Azərbaycan çempionu Avropa Liqasında doğma meydanda yenə qələbə qazana bilmədi. Bunun isə bir çox səbəbləri var. 

 

"Köhlən atlar"ın qış fasiləsindən sonra tam hazır olmadığı ötən həftə Premyer Liqadakı ilk rəsmi matçda (3:2) da görünürdü. "Şamaxı" ilə görüşdə üç xal əldə olunsa da, Rumıniya klubu ilə qarşılaşmada işlərin çətin keçəcəyi bəlli idi. Komanda ilk dəqiqələrdə təşəbbüsü ələ alsa da, sonradan rəqibin standart vəziyyətdən fərqlənməsinin qarşısını ala bilmədi. Əslində, matçın statistikası da bizi düşünməyə vadar edir. "Qarabağ" oyun ərzində çərçivəyə bir dəqiq zərbə vurub, o da qolla (ikinci qolda rəqib futbolçu avtoqol müəllifi olub) nəticələnib. 

 

Şəxsi səbəblərdən təlim-məşq toplanışına qatıla bilməyən Yassin Benzianın, zədəsini yenicə sağaldan Bədavi Hüseynovun da yoxluğu komandaya təsirsiz ötüşmşdi. Qış transfer dönəmində Braziliyanın "Flamenqo" klubuna keçən Juninyonun da meydanda yoxluğunu hiss etdik. Nəriman Axundzadə Azərbaycan Premyer Liqasında qolları və məhsuldar ötürmələri sıralasa da, qitə turnirində gözə dəymir. Bəlkə də, FCSB ilə görüş millimizin üzvünün özünü göstərməsi baxımından bir füsrət idi. Axunzadə "Juninyo yoxdur, mən varam" deyə bilmədi...

 

Həm də Ağdam klubunun avrokuboklarda yeni formata uyğunlaşmadığını desək, yanılmarıq. Komanda sayının, oyunların artması təmsilçimizin işini olduqca çətinləşdirdi. Əvvəlki mövsümlərdə məşqçi heyəti üç komanda haqqında, onların oyunçuları haqqındq informasiyalar əldə etməyə çalışırdılar. İndi isə qarşılaşacaqları səkkiz kollektiv var. Onların arasında "Ayaks", "Lion", "Tottenhem" kimi nəhəng klublar da püşkdə bizə rəqib oldular. Qurban Qurbanovun komandası oynadığı matçlarda rəqiblərini daha rahat analiz edə bilirlər. Məsələn, Bakıda Çempionlar Liqası oyununda Bolqarıstan təmsilçisi "Ludoqorets"ə uduzan ağdamlılar bir həftə sonra səfərdə rəqibi meydana çıxmağa peşman etdilər və əlavə vaxtda 7:2 hesablı qalibiyyətə imza atdılar. Avropa Liqasının əsas mərhələsində hər komanda ilə yalnız bir dəfə üz-üzə gəlmək şansın var. 

 

Təbii ki, qarşıdakı mövsümdə "Qarabağ" bunun da öhdəsindən gəlməyə çalışacaq. Amma heyətə əl gəzdirmək, ən azı Juninyo səviyyəsində hücumçu tapmaq mütləqdir.