"Çətin səfər oyunu alındı. "Şamaxı" son turlarda yaxşı formadadır. Bizim üçün ağır olacağını bilirdik. Belə komandalara qarşı xarakter və oyun intizamı vacibdir. Futbolçularım qol buraxdıqdan sonra yaxşı reaksiya verdi. Birinci hissənin sonunda standart vəziyyətdən fərqləndik. İkinci hissədə daha əzmkar oyun oldu. Uğur qazanan tərəf biz olduq. Amma "Şamaxı" da əla futbol oynadı". Sport24.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 19-cu turunun "Şamaxı" ilə görüşdən sonra keçirilmiş mətbuat konfransında deyib.

 

- İki fərqli hissə izlədik. İlk yarıda oyununuzun alınmamasının səbəbi nə idi?

- İlk yarıda rəqib aqressiv pressinq tətbiq edirdi. Birinci hissədə toplu oyunumuz alınmırdı. İkinci yarıda isə yaxşı alındı. Çox önəmli 3 xal qazandıq.

 

- Ruan Renato ilə Aydın Bayramov arasında nə baş vermişdi?

- Orada nə olduğunu görmədim. Ümid edirəm ki, ciddi bir şey olmaz. Gərgin və stressli oyun idi. Belə şeylər olur. Paltardəyişmə otağında bir-biri ilə qucaqlaşdılar. Meydanda olan meydanda da qaldı.

 

- "Zirə" çempionatın qarşıdakı gərgin hissəsinə psixoloji cəhətdən hazırdır?

- Heç vaxt gələcəklə bağlı proqnoz vermək olmur. Amma düşünürəm ki, futbolçularım psixoloji cəhətdən daha diqqqətli olmalı, rəqibləri təhlil analiz etməlidir. 3-4 il əvvəlki çempionat deyil. Bu gün hamı bir-biri ilə başabaş oynayır. Daha da məsuliyyətli olmaq lazımdır.