Premyer Liqamızda cari mövsümdə ilk baş məşqçi istefası baş verdi. Sport24.az xəbər verir ki, bu, turnir cədvəlində son pillədə gedən "Sabah"da Ramin Quliyev öz istəyilə postundan ayrılması ilə gerçəkləşdi.

Maraqlıdı ki, bunadək son istefa da məhz bu klubda reallaşmışdı. Belə ki, 40 yaşlı Quliyev III dövrənin sonu ərəfəsində istefaya göndərilən ispaniyalı həmkarı Visente Qomezi əvəzləmişdi. 

Ən maraqlısı isə budu ki, PRO kateqoriyalı bu gənc azərbaycanlı mütəxəssis onda "Qarabağ"la matçla ümumiyyəltə, Premyer Liqamızda baş məşqçi kimi debüt etmiş, elə "Qarabağ"la son görüşlə də missiyası bitmişdi. Keçən çempionatın XX turunda - martın 13-də Quliyevli "Sabah" "Azərsun Arena"da 0:2 hesabıyla yenilmişdi. Bu dəfə isə ilk dövrənin son turunda "Qarabağ"a "Bank Respublika Arena"da 1:2 hesablı məğlubiyyət qeydə alındı. 

Bu çempionatda cəmi 1, ümumilikdə isə 13 xal xal toplayan Quliyev yubiley matçında getdi. Belə ki, onun aktivində 15 qarşılaşma oldu. Quliyev ən çox - 3 dəfə "Qarabağ"la qarşılaşdı, ən ağır məğlubiyyətini də ondan aldı - evdə 0:4. Quliyevin hesabında 3 qələbə, 4 heç-heçə, 8 məğlubiyyət oldu (topların 12-23).

Quliyev üçün ən düşərli rəqib bu çempionatda yeganə xalını qazandığı "Zirə" oldu. Belə ki, o, Rəşad Sadıqovun komandasına uduzmayaraq son turda evdə 2:1 hesabıyla qalib gəlmiş və bununla da rəqibinin bürünc medal şansının üstündən xətt çəkmişdi. 

Xatırladaq ki, Quliyevin əsas köməkçisi olan İlkin Hüseynov "Sumqayıt"la bugünkü ev matçında baş məşqçi əvəzi kimi komandanı meydana çıxaracaq.