"Qarabağ" Avropa Liqasının qrup mərhələsində yeni mövsümün startına hazırlaşır. İlk oyun Bakıdadı, ilk rəqib Norveç "Molde"sidi. Bu matçla bağlı "Mütəxəsssis rəyi" rubrikamıza qonaq qolaraq Mahmud Qurbanovu seçməyimiz təsadüf deyil. Belə ki, son olaraq "Səbail"i çalışdırmış 50 yaşlı mütəxəssis millimizdə baş məşqçi əvəzi olaraq yeganə matçını məhz vikinqlərə qarşı keçirib. Qurbanov Sport24.az-a müsahibəsinə həmsoyadının çalışdırdığı komandadan startda gözləntiləriylə başlayıb. 

- "Qarabağ" Avropada yeganə təmsilçimizdi. Gözləntilər böyükdü. O barədə ki, evdə oynayırıq və "Qarabağ"sevərlər, ümumiyyətlə, Azərbaycanın futbolsevərləri komandamızın qələbəsini gözləyir. Amma rəqib də asan deyil. Yaxşı bir komandaya qarşı oynayacaqlar. Düşünürəm ki, bu gün çox çətin oyun olacaq. Ancaq dediyim kimi, avrokuboklarda yeganə təmsilçimiz olduğuna görə "Qarabağ"dan qələbə gözləyirik.

- "Molde"dən söz düşəndə, demək olar hamı "Qalatasaray"la Çempionlar Liqasının pley-off matçlarından danışır. Norveç təmsilçisini iş başında görmüsünüz? Necə bir komandadı?

- İstanbuldakı matçlarına canlı baxmışdım. "Qalatasaray" 2:1 hesabıyla qalib gəldi. Bəli, "Molde" onda Çempionlar Liqasında oynayırdı, güclü rəqiblə qarşılaşaraq qrupa düşə bilmədi. Amma bununla belə, yaxşı, mübarizə apara bilən, uduzmaq istəməyən komandadı. 90 dəqiqə mübarizə aparan belə komandalara qarşı oynamaq isə həmişə ağır olur. 

- Sizcə, "Molde" Skandinaviya futbolunu sərgiləyir, yoxsa fərqli oyun planı diqqətinizi çəkdi?

- Belə deyək, skandinav futbolu atletik futboldu. Onlar çox mübarizə aparmağı, komanda oyununu, sərt futbolu sevir. Gözləyir ki, rəqib hardasa səhv eləsin, ondan yararlansın. Normal komandadı "Molde", topla yaxşı oynamağı da bacarır. Əvvəllər gördüyümüz deyil ki, ancaq cinahlardan, uzun ötürmələrdən istifadə etsinlər. Qısa, orta ötürmələrdən yararlanırlar. Bir sözlə, futbol oynamağı bacarırlar. Bəli, millimizdə bir oyunda baş məşqçi əvəzi olanda Bakıda məhz Norveç millisiylə qarşılaşmışdım, bu ölkənin futbolunu iş başında görmüşəm. Şimal xalqları fiziki, atletik cəhətdən güclü, xaraktercə soyuqlanlı olurlar. Onlar konkretliyi xoşlayırlar, nə edirlərsə, konkret iş görməyi sevirlər. Norveç futbolunun yetirməsini olan Erlinq Hollandı götürsək - hansı ki "Mançester Siti"də çıxış edir - bu ölkədəkilər yaxşı futbol oynaya bilirlər.

- Qarşıdakı oyunun məcrasını necə gözləyirsiniz? "Qarabağ" topa daha çox sahib olacaq, rəqib də böyük qüvvəylə müdafiə olunaraq əks-hücumlara ümid edəcək?

- Bunu demək çətindi. Amma fikrimcə, "Qarabağ öz oyun ənənəsinə sadiq qalacaq. Meydanda rəqibə öz oyununu diqtə edəcək. Məncə, 3 xalı qazanmaq təmsilçimiz üçün çox vacib olacaq. "Qarabağ"dan buna reallaşdırmağı, həmişə oynadığı futbolu göstərməyi gözləyirik. 

- Rəqibin baş məşqçisi oyunöncəsi mətbuat konfransında dedi ki, Bakıya müdafiə futbolu oynamağa gəlməmişik, biz də hücumda olacağıq. Sizcə, bu nə qədər səmimi açıqlamadı? "Qarabağ"a qarşı səfərdə açıq futbol oynamaq riskinə gedərlər?

- "Qalatasaray"la görüşdə "Molde"nin 90 dəqiqə mübaizə apardığına şahid oldum. Oyunun axırınadək tempdən düşmədi. O komandanın oyun üslubu budu. "Qalatasaray"a qol vurmuşdularsa, deməli, müdafiədə oturmurlar, hücuma da keçirlər. Əks-hücumda da oynaya bilərlər. Lakin hər halda, "Qarabağ" bu oyunda onlara hücumda çox olmağa imkan verməyəcək.

- Hazırda əsas müzakirə məsələlərindən biri Bəhlul Mustafazadənin zədəli olduğu bir vaxtda müdafiənin mərkəzində Kevin Medinayla kimin duet təşkil etməsidi. Siz bu haqda nə düşünürsünüz? Bu itki ciddi problem ola bilərmi?

- Bəhlulun yoxluğu əlbəttə ki, "Qarabağ"a müdafiədə itki olacaq. Çünki o, millimizin Belçika ilə matçında meydanda ən yaxşılardan biri idi. Həm də öz klubunda əsas heyət üzvüdü, həmişə meydanda olur, hazırda da yaxşı formadadı. Üstəlik, Bədavi Hüseynovun da zədəli, Maksim Medvedevin isə az oyun pratikasına malik olması problemdi. Deyə bilmərəm ki, kim həmin mövqedə oynayacaq. Onu Qurban Qurbanov başda olmaqla "Qarabağ"ı məşqçiləri daha yaxşı bilər. Əslində, belə bir şey var ki, "Qarabağ"a gələn futbolçular onun oyun üslubuna tez uyğulaşmağa çalışırlar. 

- Hazırkı "Qarabağ"ı necə səciyyələndirərdiniz? Əvvəlki illərdəki komandalarla necə müqayisə edərdiniz?

- "Qarabağ"ın son turda "Sabah"ı udmağı "Molde"ylə oyuna daha rahat, sakit, yaxşı əhval-ruhiyyədə hazırlaşmağa imkan verib. Futbolçular da bu qrup matçını gözləyir. Ümumilikdə götürdükdə, bəzi futbolçular komandadan gedib. Gördüyümüz Ramil Şeydayev, Musa Qurbanlı, Kadi Borgesin yerinə gələnlər hələ ki onların yerini doldura bilmirlər. Yəqin, yenilərə bir az vaxt lazımdı ki, komandada olan köhnə futbolçularla meydanda yaxşı anlaşsınlar. Düşünürəm ki, bunu da yoluna qoyacaqlar.

- Necə hesab edirsiniz, "Qarabağ" hazırda bu qrupdan 2-ci yerlə çıxacaq gücdə komandadı?

- Fikrimcə, 2-ci yerlə çıxmağı hədəfləyəcəklər, buna nail olmaq uğrunda mübarizə aparacaqlar. "Qarabağ" bunun öhdəsindən gələ bilər. Baxmayaraq ki, qrupda favorit "Bayer" və 2 Skandinaviya təmsilçisi var. İkisi də yaxşı komandadı. Amma məncə, "Qarabağ" qarşıya qoyulan məqsədin öhdəsindən gələr.

 

 

MEHMAN SÜLEYMANOV