Misli Premyer Liqasının XXI turunun "Sabah" – "Kəpəz" oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…
– Futbolçularım yaxşı mübarizə apardılar. Qələbə qazana bilməsək də, onlara təşəkkür etdim.
– Bu gün hazır komanda görünürdü meydanda. Bir xal üçün nə çatmadı?
– Ani diqqətsizlik qola səbəb oldu. Oyunun sonlarında belə qol buraxmaq istəməzdik. Zonaları bağlamışdıq, sadəcə həmin diqqətsizlik məğlubiyyətə səbəb oldu.
– Əvəzetmələr oyuna yaxşı qoşula bilmədi…
– Ən yaxşıları meydana buraxdıq. Ehtiyatda vinger yox idi. Müdafiəçini o mövqe üçün buraxdıq. Uşaqlar təcrübə qazandılar. Bu gün onlar əsl futbol oynadılar. Fürsətdən istifadə edib, bizi bu gün dəstəkləyən azarkeşlərə təşəkkür edirəm.
– Ötən illə müqayisədə bu il komandanı liqada saxlamaq nə dərəcə çətindir?
– Keçən mövsüm daha çox legionerimiz var idi. Bu il ən az əcnəbi futbolçu bizdədir. Bacardığımız qədər rotasiya edirik, amma istədiklərimiz tam alınmır. "Turan Tovuz"la oyunda rəqibdə 2 azərbaycanlı var idi, biz də 9. Bu gün də eyni qaydada. Bu gün bir epizod oldu ki, "Sabah"ın irəli çıxan bütün oyunçuları legioner idi.
– Sizin komandada qalacağınız dəqiqdir?
– Hələ qərar verilməyib.
– "Kəpəz" azarkeşləri ötən oyunda "Neftçi" azarkeşləri ilə birlikdə "Qarabağ" aleyhinə şüarlar səsləndirirdi…
– Eşitməmişəm. "Qarabağ"la ədavətimiz yoxdur. Bu gün Azərbaycanın Avropada ən hörmətolunası komandası "Qarabağ"dır. Azarkeşlərin nə üçün belə dediyini bilmirəm. Mən eşitməmişəm.