"Qarabağ"ın qapıçısı Mateuş Koxalski "Nyukasl"a uduzduqları Çempionlar Liqası matçından sonra özünü İngiltərə klublarına təklif edib. Sport24.az xəbər verir ki, 25 yaşlı qolkiper bu barədə "Sun Sport"a açıqlama verib.

Polşalı oyunçu İngilətərəyə mümkün transferi barədə bunları deyib:

"Bu, mənim ən böyük arzumdur. Ümid edirəm ki, bu oyunları təkcə azarkeşlər izləməyib və haqqımda müsbət fikirlər səsləndiriblər. Həm də ümid edirəm ki, Premyer Liqa və ya Çempionşip komandarının skautlarl məni izləyib və gələcəkdə transferim üçün addım ata biləcəklər".

Koxalski hər zaman ən yaxşı oyununu göstərməyə çalışdığını söyləyib:

"Həmişə komandama kömək etməyə çalışıram. Bu iki matçda 9 qol buraxmışam. Əlbəttə ki, bundan razı deyiləm. Ümumiyyətlə, uduzduğun və altı qol buraxdığın oyun heç vaxt yaxşı sayıla bilməz".

Xatırladaq ki, Koxalski Bakıda uduzduqları (1:6) görüşdə bir neçə qurtarışla yadda qalıb. O, səfərdəki görüşdə (2:3) də bunları təkrarlayıb. Çərşivə qoruyucusu hazırda qitənin bir nömrəli klub turnirində ən çox qurtarış edən üçüncü qapıçıdır - 45 dəfə.