"Qarabağ"ın heyətinə qatmaq istədiyi Niderlandın "Fortuna" klubunun futbolçusu Alen Haliloviçin daha iki təklifi var. Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-nin MLS çempionatında çıxış edən iki komanda 29 yaşlı oyunçunu transfer etmək niyyətindədir.
Həmin klubların adları açıqlanmayıb.
Bundan əlavə, Haliloviçin yeni komandasının tezliklə bəlli olacağı gözlənilir. Xorvatiyalı hücumçu sosial şəbəkə hesabında fotosunu paylaşıb və "tezliklə" yazıb.
Qeyd edək ki, "Qarabağ"ın Alen Haliloviçlə danışıq apardığını ilk olaraq Sport24.az saytı yayıb.
Xovatiyanın "Dinamo" klubunun yetirməsi olan Haliloviç 2014/2015 mövsümündə "Barselona"nın əvəzedici komandasında 30 matçda 4 qola imza atıb. O, 2015/2016 mövsümündə Kataloniya təmsilçisinin əsas komandasında yer alsa da, debüt edə bilməyib və "Sportinq"ə icarəyə verilib. Forvard Xorvatiya yığmasında 10 matçda meydanda olub.