"Araz-Naxçıvan"ın futbolçusu Qara Qarayev Konfrans Liqasının "Aris"lə cavab görüş haqda danışıb. Sport24.az xəbər verir ki, "CBC Sport"a açıqlama verən yarımmüdafiəçi Salonikidə baş verə biləcək provakasiyadan da bəhs edib:
"Artıq ilk oyundan sonra rəqiblər bir-birini daha yaxşı tanıyır. Bizim hansı potensiala malik olduğumuzu, oyunçularımızın hansı keyfiyyətdə olduqlarını "Aris" artıq bilir. Biz də "Aris" məlumatlıyıq. Hər halda, cavab görüşünə də hazırlaşmışıq. Mən bir neçə dəfə Yunanıstanda meydana çıxmışam. Oradakı provakasiya, rəqiblərin hiyləgərliklərini artıq bilirəm. Əgər bu rəqibin hiyləgərliklərinə aldanmasaq, daha yaxşı nəticə əldə edəcəyik. Səbirli, əzmkar və təmkinli olmaq lazımdır".
Qeyd edək ki, "Aris" – "Araz-Naxçıvan" matçı iyulun 31-də keçiriləcək və matça Bakı vaxtı ilə 22:15-də start veriləcək.