2015-in yayı, 27 avqust. Avropa Liqasının pley-off mərhələsində “Qəbələ” Afinada “Panatinaikos”un qonağıdı. ilk oyunda qolsuz bərabərliyə qalan “qırmızı-qaralar”in baş məşqçisi Roman Qriqorçuk Afinadakı oyunöncəsi mətbuat konfransında bu sətirlərin müəllifinin “oyun əlavə vaxta getsə, fiziki cəhətdən buna hazırsınızmı” sualına “biz səhərə qədər oynamağa da hazırıq. Təki “Panatinaikos”u keçək” cavabını vermişdi. Bu gün isə “Neftçi” Yunanıstanın ən titullu komandası “Olimpiakos”la Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək. Matça saatlar qalmış Roman Qriqorçukla əlaqə saxladıq. Ukraynalı mütəxəssis Sport24.az-a verdiyi müsahibədə olduqca səmimi etiraflar etdi.

- Bilirəm niyə zəng etmisiniz (gülür). Azərbaycandan gələn zəng mənə hər zaman pozitiv enerji gətirir. Mən hazır, verin suallarınızı.

- İllər ötdikdən sonra olsa da, həmin tarixi zəfər öncəsi  paltardəyişmə otağında yetirmələrinizə nələr dediyinizi bölüşərdiniz...
- İlk oyunda qolsuz bərabərlik qeydə alınmışdı. Fərq etmir oyun harda keçirilir. Biz də uşaqlara izah etdik ki, rəqiblə evdə başabaś oynamışıqsa, səfərdə uğur əldə etmək realdı. Komandanın hər bir üzvünü inandırmışdıq ki, biz Yunanıstandan zəfərlə qayıda bilərik. Əlbəttə, tribunalar adamın üstünə gəlir, dəstək inanılmazdı. Rəqibin oyun keyfiyyəti də hər kəsə bəllidir. Ancaq sən daha üst sırada dayanmalısan.

- Üst sıra?
- Bəli. Hər kəsin maksimumu var. Bu cür favortilərə qarşı isə hər kəs bacardığından, artığını etməlidir, həyatında bir daha təkrarlaya bilməyəcəyi səviyyəyə yüksəlməlidi, elə bir futbol oynamalıdı ki, görüşün təkrarına baxdıqda, özünü tanımasın, desin ki, mən bu səviyyədə futbol oynaya bilmərəm.

- Aydın məsələdir ki, “Olimpiakos" aşkar favoritidi. Bu da məlumdu ki, hazırkı “Neftçi”yə yaxşı bələd deyilsiniz. Hər halda, səmimi cavabınıza əminik: sizcə,  Azərbaycan çempionunun bu mərhələni keçmək şansı var?
- Məgər “Panatinaikos”la matçlarda favorit “Qəbələ” idi? Onda da demişdim, yenə təkrar edirəm, 100 şansdan cəmi biri sənindirsə, onu əldə etmək üçün bütün varlığını ortaya qoymalısan. Mən demirəm ki, bütün varlığını ortaya qoyduqda, mütləq qalib gələcəksən, bu, qətiyyən belə deyil. Amma belədə, bir şeyə əmin ol ki, geriyə boylananda heç vaxt ah çəkib, həmin şansdan niyə istifadə edə bilmədiyinin peşmançılığını yaşamayacaqsan. Bax, indi “Neftçi”nin də durumu eynidi. Şans azdı, amma yox deyil. Komanda özünə inanmalı və az öncə qeyd etdiyim kimi, həyatlarının ən yaxşı, heç vaxt bacarmayacaqları oyununu oynamalıdırlar. Belədə, sevinən tərəf əlbəttə ki, azarkeşlik edəcəyim Azərbaycan çempionu ola bilər. Fürsətdən istifadə edib Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edirəm, onlara öz sevgimi və hörmətimi çatdırıram.

 

 

CEYHUN ƏLİYEV