Səkkiz yaşı təzə tamamlamışdım. Həyət-həyətə oyunları o vaxt ən populyar futbol yarışması idi. Adətən şənbə günləri oynayardıq. Axı, axşam dərs etmirdik, qarşıda bazar günü var idi. Məhəlləmizin heyətində ən balacası idim. Səkkiz yaşlı cocuğ asfalt üzərində özündən 3-4 yaş böyüklərlə mübarizədə nə edə bilərdi ki?..amma mütləq heyətdə yer alırdım.

Bizlər üçün SSRİ çempionatında bir komanda var idi - “Neftçi”. Orta məktəbin 2-ci sinfini bitirmək üzrə olan bir uşağın eşidib, görüb, anladığı futbol nə ola bilərdi? Ancaq bir anlayış: “Neftçi” bizimdi, qalanları onların.  Montində yaşayırdıq və həmin gün “9 mərtəbə”ylə oyunumuz  var idi. Bizim üçün prinsipial oyun idi, amma həyətə düşmədim. Saat 6-da (bəlkə də 7-də) “Neftçi” oynayacaqdı. Bilirsiniz kiminlə? A kişi, “Spartak”la e, “Spartak”la!

Məhləuşaqları nə qədər səsləsələr də, nə qədər zəng etsələr də həyətə düşməkdən imtina etdim. Axı, “Neftçi” oynayacaqdı. Özü də “Spartak”la Bakıda! 

Həmin axşam mən başqa futbola, başqa dünyaya düşmüşdüm. Bu yaşda çocuğun futbola aşiq olması üçün meydanda xarüqələr yaşanmalıdı...yaşandı da. Onun sayəsində. Bəlkə də nə o vaxt, nə də arxada qoyduğumuz günədək bunu dərk etmirdim. Amma təəssüf ki, məhz hansısa fövqalhadisə insanı dərin düşüncəyə vadar edir. Bax, 39 il əvvəlki matçın mənə göstərdiyi təsirin dəyərini də indi verirəm.
Artıq 19-cu dəqiqədə O, hesabı açdı. Qoool! Qoool! Qool! Biz “Spartak”ı uduruq e, “Spar-ta-k”ı! Konstantin Beskovun çalışdırdığı “Spartak”ı. Amma ilk yarının son dəqiqəsində Vladimir Soçnov hesabı bərabərləşdirir. Ardınca Sergey Rodionov ikinci hissənin startında qonaqları hesabda irəli çıxarır. Uşaq fikri fərqli olur və onda “kaş ki, düşüb həyət-həyətə oynayardım” düşüncəsinə daldığım indiki kimi yadımdadı. Amma 75-ci dəqiqədə “Neftçi” Şakir Qəribovun dəqiq penalti zərbəsi ilə hesabı bərabərləşdirir.  Növbəti dəqiqələr isə əsl trillerə çevrilir. Buraxılan qoldan 2 dəqiqə sonra Edqar Gess Moskva təmsilçisini yenidən hesabda irəli çıxarır. Amma kədərlənməyə belə vaxt olmur: Vladimir Mixaylevski cami 1 dəqiqə sonra hesabı 3:3 edir.

Bu cür rəqiblə bərabərə qalmaq “Neftçi” üçün böyük, çox böyük uğur hesab olunardı. Bunu o vaxt anlamırdım və əlbəttə ki, Azərbaycanın döyünən ürəyinin qələbəsindən savayı heç bir nəticəyə qane ola bilməzdim. Nə olsun ki, rəqib “Spartak” idi. Məgər körpələri nağılların gerçək olmamasına kimsə inandıra bilər? Körpə istəyi, körpə ürəyinin arzuladığı möcüzə, nağıl 89-cu dəqiqədə həyata keçdi.

Əlbəttə ki, final fitinə 1 dəqiqə qalmış vurulan qol hamını ayağa qaldırdı: kiçiyi də, orta yaşlını də, böyüyü də. Və həmin ayağa qalxanlar arasında 8 yaşlı bəndəniz də var idi. Dəli kimi otağın bu başından o başına qaçaraq “qol” hayqırtımın səbəbkarı O idi...


Bəlkə də məhz həmin qol bəndənizi əbədi olaraq futbola bağladı. Bəlkə də həmin qol sayəsində hələ də bu sahədə külüng döyürəm. Bəlkə, bəlkə, bəlkə də...

Ötən gün Səmədağa Şıxlarov faciəvi şəkildə əbədiyyata qovuşdu. Nə qədər acı olsa da, bu xəbəri futbol ictimaiyyətimizə ilk çatdıran bu sətirlərin müəllifi oldu. Onun qolu ilə 39 il əvvəl  futbola bağlanan bəndəniz 39 il sonra Onun ölüm xəbərini çatdırmalı oldu.

Allah rəhmət eləsin!
 

 

CEYHUN ƏLİYEV