"İkinci Liqanın çempionu olmaq bizim üçün çox böyük sevincdir. Mövsüm ərzində çox əziyyət çəkdik". Bu sözləri Sport24.az-a açıqlamasında "Xankəndi"nin futbolçusu Nodar Məmmədov deyib.
Azərbaycan millisinin sabiq oyunçusu komandasının İkinci Liqada çempion olması ilə bağlı təəssüratlarını bölüşüb:
"Başda rəhbərlik olmaqla, məşqçilər korpusu, inzibati heyət və futbolçular bu uğur üçün əlindən gələni etdi. Əziyyətimizin bəhrəsini görmək qürurvericidir. Ardıcıl ikinci dəfə İkinci Liqanın qalibi olmaq isə tamam başqa hissdir. İkinci Liqada məqsədimiz yalnız çempionluq idi və buna nail olduq. Birinci Liqa ilə bağlı isə hələlik heç nə deyilmir. Çempionat yenicə başa çatıb. İnşallah, hazırlıq dönəmində komandanın qarşısına qoyulan məqsəd futbolçulara açıqlanacaq".
Təcrübəli müdafiəçi gələcək karyerası ilə bağlı danışıb:
"Müqaviləmə gəlincə, sözləşmə başa çatıb və hələlik heç bir danışıq olmayıb. Hazırda çempionluğu qeyd edirik, medal və kuboku gözləyirik. Ondan sonra kim qalacaq, kim gedəcək – hər şey bəlli olacaq. Şükür Allaha, fiziki formam yerindədir. Nə vaxt hiss etsəm ki, ikili mübarizələrdə artıq çatdırmıram, həmin vaxt karyeramı başa vuracam".
Qeyd edək ki, "Xankəndi" yeni "futbol ili"ndə I Liqada mübarizə aparacaq.