"Neftçi" Vensan Abubakar kimi tanınmış futbolçunun transferini reallaşdırdı. Bunu hətta mövsümün "transfer bombası" kimi də qələmə vermək olar. İndi "ağ-qaralar"ın azarkeşlərini, ümumiyyətlə, futbol ictimaiyyətini bir sual düşündürür. Kamerun millisinin 33 yaşlı oyunçusu ölkənin ən köklü klubuna nə dərəcədə faydalı olacaq?
Möhtəşəm karyeraya malik forvardın ölkəmizə gəlişi ciddi hadisədir. Vensanın ayağı Bakıya dəyməmiş artıq Türkiyədə bu transferdən danışmağa başladılar. Abubakar sıradan bir oyunçu olsaydı, sizcə, qardaş ölkənin idman mediası bunu manşetə çıxarardı? Təbii ki, yox. Deməli, Kamerun millisinin hücumçusu buna layiqdir.
Hə, o ayrı söhbət ki, yüngül desək, 33 yaşlı futbolçu bir qədər çərçivəyə sığmır, bəzən intizamsızlığı ilə gündəmə gəlir. Ancaq bu problemi yoluna qoymaq mümkündür. Samir Abasov kimi nizam-intizamı sevən, heç kimə heç nəyi güzəştə getməyən mütəxəssis heç şübhsiz ki, Abubakarla da dil tapa biləcək, qırmızı cizginin harda bitdiyini izah edəcək. Kamerunlunun ölkə çempionatına rəng qatacağı isə heç kimdə şübhə doğurmur.
"Neftçi"yə bu gün "vuran ayaq" lazımdır idi, klub rəhbərliyi bu transferi gerçəkləşdirməklə, problem yoluna qoymağa çalışdı. İnanaq ki, bu gün də Kamerun millisinə dəvət alan, yığmada 107 oyunda 42 qol vuran hücumçu o qədər də yüksək səviyyədə olmayan Azərbaycan çempionatında da adından söz etdirməyi bacaracaq. Düzdür, maydan klubsuzdur, amma söylənilənlərə görə, fərdi məşqlərini davam etdirib, bunun üçün ayrıca məşqçi də tutub. Tanıdığımız Abubakar potensialının 50 faizini nümayiş etdirə bilsə, "Neftçi"nin dərdinə dərman olmağı bacaracaq.
Kamerunlu hücumçunun Azərbaycana gəlişi, azarkeş sayına da yaxşı mənada təsir etməlidir. Gəlin etiraf edək ki, onun kimi tanınmış biri hər gün ölkəmizə gəlmir...