Misli Premyer Liqasının XII turunun "Neftçi" – "İmişli" oyunundan (2:3) sonra meydan sahibi komandanın məşqçisi Mübariz Orucov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

 

– Gözlənilən nəticəni verə bilməməyinizin səbəbi nədir?


– Turnir cəvdəlində yerimiz yaxşı deyil. Amma oyun baxımından fərqlər var. Bu gün də üzücü məğlubiyyət aldıq. Heyətdə yeni oyunçular var. Tam formalaşmamışıq. Hələ uyğunlaşma prosesi gedir.

 

– "İmişli" birinci mövsümdür Premyer Liqadadır… Onlar nə danışsın?


– "İmişli" güclü rəqiblərə qarşı motivasiya, istəklə oynayırlar. Bu gün də istəyin hesabına qazandılar.

 

– Standart vəziyyətlərdən qol buraxdız. Bunu şərh edərdiniz…


– Komandaya əvvəlcədən göstərmişdik. Lakin yenə qol buraxdıq. Qorxduğumuz yerdən qollar vurdular.

 

– Turnir cədvəlində "İmişli"dən də aşağıdasınız. Kuboka köklənəcəksiniz, ya necə?

– "Neftçi" olaraq həm çempionata, həm kuboka köklənmişik. Kubok yolu qısa yoldur. Əlbəttə, ora da köklənəcəyik. Amma o demək deyil ki, çempionatı boş verəcəyik. Qarşıda oyunlar var.

 

– Hədəf nədir?


– "Neftçi"nin hədəfi yüksək yerlərdir. Ancaq indi çempionluqdan danışsaq, gülməli çıxacaq. İnanıram ki, avrokuboklara vəsiqə qazanacağıq.