"Neftçi"də çox dəyişiklər olsa da, son 6 oyuna nəzər yetirəndə meydanda peşəkar klub adına nəsə görə bilmirik. Bu, sadəcə, çox məyusedicici haldır. "Neftçi"ni belə görməyə alışmamışıq". Bu sözləri Sport24.az - açıqlamasında Yunis Hüseynov deyib.

"Neftçi"nin veteran futbolçusu komandanın bərbad oyunu, baş məşçi işinin görünməməsi və futbolçuların zəif çıxışına da toxunub: "Biz "Neftçi"dən çempionluğa oynayan komanda oyunu gözləyirik. Yayda "ağ-qaralar"a Roman Qriqorçuk gətirildi. Mən də daxil, hamı ukraynalıdan dinamik inkişaf və baxımlı futbol gözləyirdi. Amma hazırda baş məşqçi işi görünmür. Təbii ki, mən bunu son 6 oyuna görə deyirəm. Təki mən yanılım və qarşıdakı turlarda "Nefçi"dən sıçrayış görək. Amma hazırkı reallıq odur ki, komanda iflic vəziyyətdədir. Nəticə qazanmaq bir kənara, ümumiyyətlə, komandanın oyun planında canlanma, kreativlik yoxdur. Elə "Zirə" ilə son oyunda "Neftçi" futboçuları demək olar real qol epizodları yarada bilmədi. Futbolçuların hazırlığı görünmür. Onlarda fiziki və psixoloji çatışmazlıq özünü göstərir. Meydanda nə lider futbolçu, nə oyun qurucusu, nə kompakt müdafiə nə də aqressiv hücumlar görürük. Birmənalı olaraq deyirəm ki, futbolçularda özünə inam, bir-birini anlamaq yoxdur. Qapı xəttindən ən son hücumçuya qədər xətlərarası əlaqə, harmoniya gözə dəymir. Ramil Şeydayev böyük ümidlərlə "Neftçi"yə gətirilsə də, ondan nə vinger, nə forvard kimi effekt görmürük. Çempionatımıza yenidən qayıdışıyla öz oyununu göstərə bilmir. Yaxşı formada deyil və inkişaf üçün də sanki nəsə etmir. Bunun nədən qaynaqlandığını bilmirəm. Amma dəqiq olan odur ki, hələlik "Neftçi"də birlik, döyüşkənlik və komanda adına nəsə yoxdur".

ABDULLA İSMAYILOĞLU