"Hamı matça hazırdı. Oyun barədə inamlıyam. Xüsusi hazırlıq keçməyi lazım bilmirəm. Motivasiya qarşılaşmanın daxilindədir. Çox vacib görüş olacaq". Sport24.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının VIII turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə klubun rəsmi televiziyasına açıqlamasında deyib.

47 yaşlı mütəxəssis çempionatdakı fasilə müddətində bütün futbolçularla birlikdə məşq edə bilmədiklərini xatırladıb: "Zədə almış Vato Arveladze hələlik tam hazır deyil. Gürcüstan millisinin düşərgəsində olan Solomon Kvirkveliya indi Bakıya çatıb. Eddi İsrafilov və Emin Mahmudov da bu gün hazırlıq prosesinə qoşulublar. Fasilə müddətində bəzi çatışmazlıqları aradan qaldırmağa çalışdıq".

Regekampf yığmalardan qayıdan oyunçularla bağlı problem yaşamayacağını söyləyib: "Bu cür hallar bütün komandalarda olur. Amma fasilədən sonrakı ilk oyunun “Qarabağ”a qarşı olması yaxşıdı. Çünki hər iki komanda motivasiyalıdır və qələbə qazanmaq istəyir. Düşünürəm ki, futbolçular matçın mahiyyətini dərk edib, yaxşı çıxış edəcəklər".