"Neftçi"də zədəlilərlə bağlı problemlər qalmaqdadı. Seneqallı müdafiəçi Mamadu Mbodja son turda barmağı sınaraq gips qoyuldusa, bunadək də komandada zədəli futbolçular vardı. Belə ki, son çempionun cari mövsümdə 4 qolla bombardiri olan braziliyalı hücumçu Tyaqo Bezerra artıq 2 turdu adı protokolda belə olmur. Əsas qapıçı Aqil Məmmədov də son vaxtlar zədədən əziyyət çəkir. 

Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Sport24.az-a açıqlamasında hər iki futbolçunun hazırkı durumu haqda məlumat verdi. Onun sözlərinə görə, Aqildə zədə ciddidi: "O, keçən həftəni ümumiyyətlə, məşq eləməyib. Çünki ayağında gematoma əmələ gəlldiyindən müalicə alırdı. Bu həftədən durumuna baxılacaq. Başlasa da, ilk günlər fərdi məşqlərlə kifayətlənəcək. Çünki zədəsi ciddidi. Tyaqo isə keçən həftəni fərdi məşq eləmişdi. Artıq bu həftədən komandayla məşqlərə başlayacaq. Ancaq növbəti turda oynayıb-oynamayacağını demək çətindi. Hər halda, "Sumqayıt"la qarşıdsakı matçda heyətdə, adının protoklda olmaq ehtimalı yüzdəyüz var".

Allahverdiyevlə söhbətimizdə digər legionerləri - San Tome və Prinsipidən olan Harramiz Soares və qvineyalı Mamadu Kane haqda da soruşduq. Məlumdu ki, Harramiz artıq 3 aydı meydana çıxmır və bu, zədəylə bağlı deyil. Legioner limitinə görə heyətə düşə bilməəyn bu 31 yaşlı cinah yarımmüdafiəçisinin "transfer pəncərəsi" açılanda gedəcəyindən çox danışılır. Kane isə müqaviləylə "Olimpiakos"a məxsus olaraq hazırkı mövsümdən "ağ-qaralar"da icarə əsasında çıxış edir. Bu orta sahə oyunçularının qış fasiləsində "Neftçi"dən ayrılmaq ehtimalı nə dərəcədə yüksəkdi? Allahverdiyevi dinləyək: "Kaneylə bağlı hazırda konkret bir şey yoxdu, məsələ hələ ki açıqdı. Buna görə dəqiq bir şey deyə bilmərik ki, qışda gedəcək, yoxsa yox. Harramizlə bağlı da belə bir söhbət olmayıb. Baş məşqçimiz Samir Abasov hansı futbolçuların qalması, hansıların getməsi, dəyişikliklərin olmasıyla bağlı hələ ki fikrini ifadə eləməyib ki, bizim də o barədə məlumatımız olsun. Bu üzdən həmin 2 futbolçu ilə bağlı durum qaranlıqdı".

 

 

MEHMAN SÜLEYMANOV