"Qarabağ"ın sabiq futbolçusu Muarem Muaremin Sport24.az-a müsahibəsi
– "Qarabağ" ötən mövsüm Azərbaycan çempionu ola bilmədi. Sizcə, bunun əsas səbəbi nə idi?
– Bəli, Azərbaycan çempionatını "Qarabağ"dan ayrıldığım vaxtdan bəri izləyirəm. Futboldur, belə şeylər olur. Heç bir komandanın hər zaman çempion olacağı ilə bağlı zəmanət yoxdur. Düşünürəm ki, "Sabah"ın çempion olması Azərbaycan futbolu üçün pis hal deyil. Əksinə, fərqli komandaların çempion olması çempionata rəqabət gətirir.
– "Qarabağ" ötən mövsüm Avropada, xüsusilə Çempionlar Liqasında uğurlu çıxış etdi. Sizcə, bunun çempionatda yaşananlarla əlaqəsi ola bilərmi?
– "Qarabağ" Çempionlar Liqasında çox uğurlu mövsüm keçirdi və turnirdə çox güclü rəqiblərə qarşı mübarizə apardı. Təbii ki, bu oyunlar futbolçularda yorğunluq yaratdı. Düşünürəm ki, komandanın əsas diqqəti də Çempionlar Liqası matçlarına yönəlmişdi. Uzun illərdir "Qarabağ"da formalaşan sistemdə hər hansı problem olduğunu düşünmürəm. Məncə, əsas səbəblərdən biri avrokubok matçlarının çoxluğu və həmin matçların komandadan böyük enerji tələb etməsi idi. İnanıram ki, "Qarabağ" bu mövsüm də çempionluğun əsas favoritlərindən biri olacaq.
– "Qarabağ" heyətini ciddi şəkildə yeniləyib. Komanda UEFA Avropa Liqasında ÇSKA-ya (Sofiya) uduzaraq mübarizəni dayandırdı. Bunu necə qarşıladınız?
– Hər iki oyunu izlədim. Çətin rəqib idi. ÇSKA fiziki gücü ilə seçilən komandadır. Bəlkə də "Qarabağ" ikinci təsnifat mərhələsində qarşılaşa biləcəyi ən güclü rəqiblərdən biri ilə üz-üzə gəldi. "Qarabağ" bir neçə yeni transfer həyata keçirib. Yeni futbolçuların komandaya uyğunlaşması və kollektivlə tam şəkildə anlaşması təbii ki, müəyyən vaxt tələb edir. Bəzən hər şey planlaşdırıldığı kimi getməyə bilər. Məncə, buna görə Avropa oyunlarındakı nəticəyə çox pis yanaşmaq lazım deyil. Artıq rəqib komandalar da "Qarabağ"ı çox böyük və güclü komanda kimi qəbul edirlər. Ona görə də onlara qarşı oynayarkən mübarizənin sonuna qədər hər şeylərini ortaya qoymağa çalışırlar.
– UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə qarşılaşacaqlar. İlk oyunda məğlub (0:1) olublar. Sizcə, "Qarabağ" bu nəticəni dəyişə bilərmi?
– "Dinamo" (Kiyev) ilə cavab oyununun da çətin keçəcəyini düşünürəm. Amma "Qarabağ" bu rəqibi mübarizədən kənarlaşdıracaq gücə malik komandadır. Heyətdə kifayət qədər keyfiyyətli futbolçular var. Düşünürəm ki, Bakıdakı oyun tamamilə fərqli olacaq. Azarkeşlərin dəstəyi ilə "Qarabağ"ın sonda sevinən tərəf olacağına inanıram.
– Hazırda Şimali Makedoniyanın "Skopye" komandasının baş məşqçisiniz. Komandanızda "Qarabağ" səviyyəsində oynaya biləcək futbolçular varmı?
– Bəli, hazırda Şimali Makedoniyanın yüksək liqasında çıxış edən "Skopye"nin baş məşqçisiyəm. Komandamızda əsasən gənc və eyni zamanda perspektivli futbolçular var. Hazırda onların arasında "Qarabağ"da oynaya biləcək səviyyədə futbolçunun olduğunu demək çətindir. Amma düşünürəm ki, bir il ərzində müntəzəm olaraq oyun təcrübəsi qazandıqdan sonra bu futbolçulardan bir neçəsi həm "Qarabağ"da, həm də Azərbaycan çempionatında çıxış edə biləcək səviyyəyə çata bilər.