Minifutbol üzrə Azərbaycan çempionatının 2025/2026 mövsümünün püşkatma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, tədbirdə Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov, milli komandanın üzvləri və klubların rəsmiləri iştirak ediblər.

 

İlk olaraq bu il Bakıda keçirilmiş dünya çempionatı haqqında danışılıb. Azərbaycan millisinin turnirdə qızıl medal qazanmasının yaddaqalan uğur olduğu vurğulanıb.

 

Taleh Nəsibov yeni mövsümdə çıxış edəcək komandalara uğurlar arzulayıb. O, son illərdə Azərbaycanda minifutbolun inkişaf etdiyini söyləyib:

 

"2022-ci ildə Avropa çempionu olandan sonra minifutbola diqqət daha da artırıldı. Ölkə çempionatı zəif olsa, inkişafdan danışa bilmərik. Yeni klubların, futbolçuların çempionata cəlb olunmasını istəyirik. İddialı kollektivlər çoxdur. Gələcəkdə yenə hansısa komandamızın Çempionlar Liqasının qalibi olacağına inanırıq. 2025-ci ildə Azərbaycan dünya çempionatına ev sahibliyi etdi. Bu yarışda böyük uğur qazandıq və mundialın qalibi olduq".

 

Federasiya rəsmisi son olaraq Azərbaycan çempionatında 16 komandanın çıxış edəcəyini sözlərinə əlavə edib.

 

Bakıdakı dünya çempionatına həsr edilmiş videoçarx göstərilib, daha sonra Azərbaycan çempionatının reqlamenti haqqında məlumat verilib və 2025/2026 mövsümünün püşkü atılıb.

 

Azərbaycan çempionatının I turunda üz-üzə gələcək komandalar:

 

"Sumqayıt" - "Buxar"

"Bakı 145" - "DİN İdman Cəmiyyəti"

"Lənkəran" - "Atəşgah Suraxanı"

"Start Bakı" - "Aznur"

"Siyəzən" - "Gənclərbirliyi"

"Borçalı" - "Lerik"

"Cənub" - "Galaxy"

"Birbaşa Bakı" - "Zirə"

 

Qeyd edək ki, Azərbaycan çempionatına oktyabrın 21-də start veriləcək.