"Litvaya acı məğlubiyyətin səbəbi çox istəkli, ilk dəqiqələrdən irəli atilmağımız ola bilər. İlk 10 dəqiqədə etdiyimiz səhvlərə görə qapımızda 2 qol gördük. Bizim planımız isə əksinə, rəqibi erkən qollarla məyus etmək idi. Bundan dərs çıxarmalıyıq ki, gələcəkdə bu cür nəticələr qeydə alınmasın". Bu sözləri Sport24.az-a açıqlamasında qadınlardan ibarət Azərbaycan millisinin kapitanı Sevinc Cəfərzadə deyib.
O, C Liqasının 4-cü qrupunda yer alan millimizin Litvaya 0:5 hesabı ilə məğlub olmasının səbəblərindən danışıb:
"Heyətdə zədəli, son günə qədər məşq etməyən futbolçlar var idi. Heyətin kasad olması bizə problem yaratdı. Bu, bəhanə deyil, səbəbdir. Qələbə qazansaydıq, daha çox şansımız olacaqdı. İndi isə Litva daha şanslıdır. Cüzi də olsa, bizim də şansımız qalib. Monteneqro Litvanı məğlub edə bilsə, pley-off oynayacağıq. Rəqiblərimiz asan olmayacaq. Düşdüyümüz durumdan dərs çıxarmalıyıq. Çempionlar Liqasında PSJ "İnter"i 5:0 hesabı ilə məğlub etdi. Bunu kim gözləyirdi? Futboldur, gələcəkdə bu nəticələrin olmaması üçün çalışacağıq. Çox istəkli olduq. AFFA rəhbərliyi matça gəlmişdi, tribunalarda azarkeşlərimiz bizi dəstəkləyirdi. Bu, bizi daha da həyacanlandırdı. Onları tribunada görmək çox xoş idi. Həmişə boş arenada oynayırıq. Bu dəfə onlara qalibiyyət hədiyyə etməməyimiz bizi üzdü. 3 gün keçməsinə baxmayaraq oyunun təsirindəyəm. Üzüm gülsə də, içim rahat deyil. İndi hər kəsin sakitləşməsinə ehtiyac var. Baş məşqçinin tapşırıqlarına diqqətlə qulaq asmalıyıq ki, bir də belə nəticə olmasın. Danimarkaya, Portuqaliyaya qarşı bu hesabla məğlub olmamışdıq. Səfərdə qalib gəldiyimiz Litvaya evdə uduzduq".