"Zədəm ciddi olmasa da, kifayət qədər ağrılıdır və uzunmüddətli müalicə tələb edir. Normal məşq etməyim və meydanda özümü göstərməyim üçün onu tamamilə sağaltmalıyıq. Artıq fərdi məşqlərə başlamışam. Meydana mümkün qədər tez qayıtmaq istəyirəm. Amma həkimlər nə desə, o da olacaq". Sport24.az xəbər verir ki, bunu Azərbaycan millisinin və Ukraynanın "Minay" klubunun futbolçusu Rüstəm Əhmədzadə səfərdə İrlandiya ilə 1:1 hesablı heç-heçə etdikləri DÇ-2022-nin seçmə mərhələsi matçında zədə alması barədə deyib.

21 yaşlı hücumçu zədə aldığı epizodu belə xatırlayıb: "Meydanın mərkəzindən qapıya tərəf qaçaraq topa zərbə vurduğu an topuğum burxuldu. Ayağımı yerə səhv basdım və nəticədə yumşaq toxuma zədələndi". 

İrlandiya ilə görüş barədə də danışan Rüstəm meydanda yaxşı mübarizə getdiyini söyləyib: "Səviyyə yüksək, atmosfer isə əla idi. Stadionda çoxlu azarkeş var idi".

Əhmədzadə boş vaxtlarında evdə dincəldiyini deyib: "Sevgilimlə birlikdə yaşayıram. Hərdən kinoya gedirik, hərdən də harasa gəzməyə. Bəzən uşaqlarla toplaşıb "Counter Strike" oynayırıq. Yəqin ki, futbolu seçməsəydim, kiberidmanla məşğul olardım".

Mövsümlərarası fasilədə adının Ukraynanın bir neçə klubu ilə hallandığını söyləyən gənc futbolçu ciddi təklif almadığını vurğulayıb: "Bilirdim ki, Premyer Liqada qalsaq, "Şaxtyor", "Dinamo" (Kiyev) və "Dnepr" istisna olmaqla, başqa klublara getməyəcəm. Çünki qalanları mənim üçün maraqlı deyildi. "Minay"da qalmağı üstün tutdum".

Əhmədzadə azarkeşlik etdiyi Avropa klublarının "Liverpul", Madrid "Real"ı və PSJ olduğunu bildirib: "Madrid klubuna uşaqlıqdan azarkeşik edirəm. Bu komandanı çox sevirdim. Amma bu sevgi artıq əvvəlki qədər deyil".