Premyer Liqamızın son turunun komandası da "Sabah" oldu, qəhrəmanı da "Sabah"lı. Söhbət komandasının "Neftçi" üzərində "Bakcell Arena"da 2:1 hesablı əzmkar qələbəsində dubluyla əsas pay sahibi olan Coy-Lens Mikelsdən gedir. Almaniyalı sol cinah yarımmüdafiəçi Sport24.az-a müsahibəsində bu və digər məqamlar haqda danışıb.
- "Neftçi" üzərində əzmkar qələbənizdə həlledici amil nə oldu?
- Oyuna yaxşı hazırlaşmışdıq. Qələbə qazanacağımıza inanırdıq. Məncə, bu matçda qalib gəlməyimizdə əsas həlledici amil matçın gedişində hesabda 0:1 geri düşməyimizə rəğmən, mübarizəni davam etdirməyimiz və qələbəyə inamımızı sonadək qorumağımız oldu.
- Saytımızda olan ənənəvi layihədə turun ən yaxşı futbolçusu - qəhrəmanı səni seçmişik, komandası isə "Sabah"ı. Bunu necə şərh edərdin?
- Bunu eşitmək çox xoşdu. Turun ən yaxşısı kimi məni seçdiyinizə görə təşəkkür edirəm. Bəli, son oyunlarda "Sabah" böyük yol qət edib. Bu işdə komandama faydalı olduğuma görə çox şadam.
- Maraqlıdı, seçim imkanını sənə versəydik, bu turda ən yaxşı futbolçu kimi seçərdin, ən yaxşı komanda hansını?
- Mənim üçün ilk sırada komanda gəlir. Əsas “Sabah”ın qələbəsidi. Qolu kimin vurmasının heç bir əhəmiyyəti yoxdu. Bu qolları mən yox, komanda yoldaşlarımdan biri vursaydı, yenə eyni şeyləri hiss edərdim. Onu da qeyd edim ki, son oyunlarda fərqlənməyimdə, istədiyim oyunu ortaya qoymağımda komanda yoldaşlarımın böyük rolu var. Elə bütün komandanı ən yaxşı seçərdim.
- "Sabah"ın tarixində "Neftçi" üzərində ilk qələbənin də əsas memarı oldun, yeni baş məşqçiniz Murad Musayevin də Azərbaycanda ilk qalibiyyətinin. Bunlar sənin üçün nə dərəcədə önəmli faktorlardı?
- Düzü, bu barədə məlumatım yox idi. Bu amil qələbəni daha da özəl edir. Yeni baş məşqçimizin komanda ilə ilk qələbəsini qazandığına görə də şadam. Lakin onunla ilk qələbəmizə elə bundan əvvəlki turda evdə “Zirə” ilə matçda da nail ola bilərdik. Sadəcə, həmin oyunda meydanda 10 nəfər qalmağımız buna mane oldu. O görüşün sonuna kimi 11 nəfərlə mübarizə aparsaydıq, 3 xal qazanacağımıza əminəm.
- İlk dövrədə qol hesabını aça bilmədin, ancaq son 3 oyunda 5 qol vurmusan. Üstəlik, ardıcıl 2 tur dubl edən ilk futbolçu oldun. Bunların sirri nədədi?
- Əsas sirrim səbirdi. Çempionatın ilk dövrəsində əldə etdiyim qol fürsətlərini dəyərləndirə bilmirdim. Lakin həmin vaxt da gec-tez qolların gələcəyinə inanırdım. Sadəcə, çempionata uyğunlaşmaq lazım idi. İkinci dövrədə uyğunlaşma prosesini geridə qoyduqdan sonra bu, mənim üçün daha rahat oldu. Bunda futbolçuların vaxt keçdikcə bir-birinə daha yaxşı uyğunlaşması da əsas rol oynadı.
- Maraqlıdı, qol seriyanı davam etdirmək, bombardirlər yarışında mübarizəyə qoşulmaq, lider Davit Volkova "əlcək atıb" sonda qalib olmaq hədəfin varmı?
- Nə olacağını mövsümün sonunda görəcəyik. Əsas məqsədim qollarımla məhsuldar ötürmələrimin davamını gətirmək və komandamın gələcək qələbələrinə yaxından töhfə verməkdi.
- İlk və ikinci dövrədə tam fərqli "Sabah". Nə dəyişdi ki, belə 180 dərəcə çevriliş oldu? Səncə, sabiq baş məşqçiniz Ramin Quliyev niyə komandanın potensialını aça bilmədi?
- Çətin sualdı. Məncə, sadəcə, bəxtimiz gətirmirdi. Çempionatın ilk dövrəsində heç olmasa, bir qələbə qazansaydıq, komandada özünəinam artar və bəlkə də hər şey tam başqa cür olardı.
- Hazırkı rusiyalı çalışdırıcınız necə bir mütəxəssisdi? Murad Musayevin siz futbolçulardan əsas tələbi nədi?
- O, yaxşı futbol biliyinə malik əsl peşəkar və əla mütəxəssisdi. Hər məşqçinin özünəməxsus oyun tərzi, metodaları olur. Murad Musayevin oyun fəlsəfəsi və bizdən tələb etdiyi futbol mənə tam uyğundu.
- Uzun illər çıxış etdiyin Almaniyadan sonra legioner həyatı yaşamaq üçün Azərbaycana səni gətirən əsas stimul nə oldu?
- Son mövsümdə Niderlandda çıxış etdim. Deyim ki, orda oynamaq mənə çox xoş idi. Mövsümün sonunda Almaniya və Niderlanddan təkliflər var idi. Lakin Azərbaycanda oynamağa üstünlük verdim. Özümü yeni liqada sınamaq istəyirdim. Azərbaycanda çıxış etmək mənə maraqlı gəldi. Bu təklif mənim üçün yeni çağırış demək idi. Buna görə qəbul etmək qərarına gəldim.
- Debüt mövsümünü keçirdiyin Premyer Liqamızın əsas özəlliyini nə hesab edirsən?
- Sərt, amma ədalətli liqadı (gülür).
- "Sabah"ın sabahını necə görürsən? Bu mövsüm komandanızın nəhayət, avrokuboklara çıxmasını nə dərəcədə real sayırsan?
- Bizi uzun yol gözləyir. Çempionatın bitməsinə hələ çox var. Mövsümün sonunda nə olacağını birlikdə görəcəyik.
MEHMAN SÜLEYMANOV