"Kəpəz" növbəti transferini reallaşdırıb. Sport24.az xəbər verir ki, Gəncə təmsilçisi Pedro Qomesi transfer edib. Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Mərkəz müdafiəçisi mövqeyində çıxış edən portuqaliyalı ilə iki illik müqavilə imzalanıb. Tam adı Pedro İnjai Qomes olan futbolçu 6 aprel 2003-cü ildə anadan olub.
Peşəkar futbola "Amora"nın akademiyasında başlayan "Kəpəz"in yeni transferi çox keçmədən dünyaca məşhur "Sportinq"in skautlarının diqqətini cəlb edir. Qomes artıq 15 yaşında Lissabon klubuna qoşulur. 19 yaşında portuqaliyalı müdafiəçi "Boavişta"ya transfer olunur. 2021/22 mövsümündə bu komandada 28 matça çıxan Pedro Qomes 1 məhsuldar ötürmə müəllifi olur. Növbəti 2 mövsümü o, icarə əsasında Portuqaliyanın "Atletiko CP" və "Barreirense" klublarında keçirir. 2024/25 mövsümünün əvvəlində "Boavişta"ya qayıdan Qomes komandanın əsas müdafiəçilərindən birinə çevrilir. O, Portuqaliya yüksək liqasında 22 matça çıxır, "Benfika", "Portu" və "Sportinq" kimi aparıcı klublara qarşı oynayır. Lakin komanda aşağı liqaya düşdüyündən Pedro Qomes "Boavişta"dan ayrılmaq qərarına gəlir və "Kəpəz"lə müqavilə imzalayaraq karyerasında ilk dəfə legioner həyatı yaşamaq şansı qazanır.
Onu da qeyd edək ki, məşhur transfermarkt saytı "Kəpəz"in yeni transferinin dəyərini 400 min avro olaraq göstərir.