"Roma" ilə son yoxlama oyunundan sonra "Kayzerslautern"in baş direktoru Tomas Hengen Almaniya mediasına açıqlamasında komandanın hazırlıq vəziyyəti və gələcək planları barədə danışıb. Sport24.az xəbər verir ki, heyətində azərbaycanlı futbolçu Mahir Emrelinin də yer aldığı "Kayzerslautern" 35650 azarkeşin qarşısında güclü rəqibə 0:1 hesabı ilə məğlub olub.

 

Qarşılaşmanın yeganə qolunu 16-cı dəqiqədə qapıçı Yulian Kralın səhvindən sonra "Roma"nın irlandiyalı hücumçusu Evan Ferguson vurub.

 

Fasilədə əvəzlənən Mahir Emreli ilə yanaşı, komandanın digər yeni transferləri - Simon Asta, Maksvel Gyamfi, Fabian Kunze və Semih Şahin də oyuna start heyətində başlayıblar. Yeni gələnlərdən müdafiəçi Ci-Soo Kim və hücumçu İvan Prtayin isə ikinci hissənin əvvəlində meydana daxil olublar.

 

Matçdan sonra Tomas Hengen SWR kanalına verdiyi açıqlamada bildirib: "Bizim üçün yaxşı test oldu. Əhəmiyyətli nəticələr əldə etdik. İlk turda necə çıxış edəcəyimiz maraqlıdır".

 

"Kayzerslautern" II Bundesliqada yeni mövsümə bu həftənin bazar günü - avqustun 3-də səfərdə "Hannover" ilə oyunla başlayacaq. Komandanın start heyəti böyük maraqla gözlənilir. Hengen komanda daxilində sağlam rəqabətin olduğunu vurğulayaraq qeyd edib:

"Yaxşı rəqabət mühiti var. Hədəfimiz turnir cədvəlində ilk 6 yerə düşməkdir".

 

Transfer siyasətinə toxunan klub rəhbəri heyətin hələ tam formalaşmadığını deyib: "Heyət hələ son halını almayıb. Transfer pəncərəsi açıqdır və hər şey mümkündür – kimin gələcəyini və ya gedəcəyini dəqiq bilmirik".

 

O, əlavə edib ki, ilk rəsmi oyunlardan sonra mövcud vəziyyəti dəyərləndirib ehtiyac olduqda dəyişiklik edə bilərlər: "İndiyə qədər gördüklərimizdən çox razıyıq, amma lazım olarsa müəyyən korrektələr edəcəyik".

 

Hengen hansı mövqelərdə dəyişiklik ola biləcəyi ilə bağlı konkret məlumat verməkdən yayınıb və komanda daxilində güclü rəqabətə diqqət çəkib: "Çətin seçimlər olacaq. Demək olar ki, bütün mövqelərdə iki oyunçumuz var. Ona görə də detalları açıqlamaq istəmirik".