"Qarşılaşdığım ən güclü futbolçular Eden Azar və Villiandı. "Qarabağ"ın heyətində oynayarkən Çempionlar Liqasının qrup mərhələsində "Çelsi" ilə oyunda üzləşmiçdik. Həmin mövsüm qrupda "Atletiko" və "Roma" da yer alırdı. Hamısı bizdən güclü idi. Amma hiss edirdik ki, müqavimət göstərmək olar. Yalnız “Çelsi” ilə matçda ciddi səviyyə fərqi hiss olundu". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq legioneri  Dani Kintana deyib.

Hazırda "Yagelloniya"da çıxış edən 34 yaşı ispaniyalı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında polşalı keçmiş komanda yoldaşı Yakub Jezniçakı da xatırlayıb: "O, inamlı və güclü müdafiə idi. Hər zaman yaxşı formada olurdu. "Qarabağ" onunla müqaviləni uzatmayanda təəccüblənmişdik. Ehtiyat skamyada oturanda, əvəzlənəndə də heç vaxt küsmürdü. Sonradan onunla müqaviləni uzatmamağın səhv olduğunu anladılar. Çünki ona layiqli əvəzedici tapmaq çətin oldu".

İspan Polşa və Azərbaycan çempionatlarını da müqayisə edib: "Polşa çempionatı futbolçular üçün yaxşı vitrindi. Burada özünü yaxşı tərəfdən göstərdikdən sonra Almaniya və Avstriyaya yollanmaq mümkündü. Azərbaycan çempionatı isə izlənilmir. Amma “Qarabağ”da oynamaq “Yagelloniya”da çıxış etməkdən daha çətin idi. Çünki “Qarabağ”a qarşı hamı müdafiə futbolu oynayırdı. Bu klub yaxşı kollektivə malikdi, yaxşı maddi gücü var, infrastrukturu və digər uğurlu detalları var. Jezniçak Azərbaycana gəlməmişdən əvvəl hər şeyi məndən soruşdu. Sonradan isə hər şeyi öz gözləri ilə görərək əmin oldu".

Daninin özü Azərbaycan karyerasından razı qalıb: "5 il avrokuboklarda oynadım, əsas heyətin üzvü idim. Yaxşı xatirələrim qalıb. Uşaqlarıma deyəcəyim çox şey var. Çempionlar Liqası Avropa Liqasından çox fərqlənir. “Sevilya” Avropa Liqasında çıxış edərkən ən güclü heyətilə oynamırdı. Çempionlar Liqasında isə fərqli idi".

Kintana millimizin forvardı Mahir Emrelinin “Legiya”ya keçməmişdən əvvəl onunla məsləhətləşdiyini deyib: “Onun fiziki göstəriciləri yaxşıdı. 17 yaşından da dinamik oynayır. Aqressiv deyildi, sadəcə güclü idi. “Legiya”ya keçməmişdən əvvəl fikrimi soruşdu. Belçikadan təklifi olsa da, “Legiya”ya keçməsinə məsləhət gördüm. Ona Polşa çempionatının uyğun olduğunu bildirdim. Daha güclü liqalardan birinə düşmək imkanı var. Təbii ki, Polşaya 18-19 yaşında gəlsəydi, daha yaxşı olardı. O, “Qarabağ”da yaxşı məbləğə oynayırdı, avrokuboklarda daim çıxış edirdi. Evində oynadığı üçün xaricə getməyə tələsmirdi”.

O, Avropada tanınmış qapıçı olan Asmir Beqoviçlə "Qarabağ"da komanda yoldaşı olmasından da danışıb: “Beqoviç çox təvazökar davranırdı. “Qarabağ” və “Bornmut” prezidentlərinin dost olduğunu düşünürəm. Çünki bir dəfə İngiltərə klubunun rəhbəri “Qarabağ”ın matçına gəlmişdi. Üstündən 6 ay keçdi və Beqoviç “Qarabağ”a keçdi. Amma İbrahim Şehiç Beqoviçdən daha güclü idi”.