"Neftçi"nin "Zirə"ylə qarşılaşmaları həmişə gərgin, prinsipial olub. "Qartallar" Premyer Liqada çıxış etməyə başlayanda uzun müddət "ağ-qaralar"ın "kabus"u oldu. O mənada ki, "Neftçi" zirəliləri heç cür məğlub edə bilmirdi. Rəşad Sadıqovun "Zirə"nin baş məşqçi postuna gəlişindən sonra isə daha bir prinsipial məqam yarandı. Belə ki, qəsəbə təmsilçisi ən "qoca" klubumuzun Azərbaycan Kubokunda ardıcıl 2 mövsüm yolunu bağladı. Nəhayət, keçən mövsüm Laurentsiu Regekampfın baş məşqçilyi dövründə bu tilsim qırıldı.
İndisə Sadıqov Rumıniyadan olan digər həmkarıyla duelə çıxırdı. Bu, daha tanınan sima, həmin ölkənin futbolunun canlı əfsanələrindən olan Adrian Mutu idi. Özü də "Zirə" Mutunun komandasına qarşı lider kimi çıxırdı.
"Neftçi Arena"da yenidənqurma işləri başa çatmadığına görə rəqibiylə səfər matçına yollanmalı olan "ağ-qaralar"ın çalışdırıcısı "Araz Naxçıvan"a məğlubiyyətdən sonra əsas heyətdə bəzi dəyişikliklər etmişdi. Bu, ilk növbədə yerli oyunçularla bağlı idi. Belə ki, Azər Əliyevlə Höccət Haqverdi uzun fasilədən sonra əsas heyətə qayıdaraq müdafiənin cinahlarına cavabdehlik daşımalı idilər . Onlar ümumiyyətlə, bu çempionatda ilk dəfə start heyətdə meydana çıxaraq 90 dəqiqə oynadı. Belə olan halda, Kenni Sayef yenidən sağ cinah vingeri idi, hücumda da Andre Şinyaşiki yer almışdı. "Zirə"də isə ukraynalı forvard Vladislav Kulaçın zədə aldığından heyətdən kənarda qalması öz sözünü dedi. Onu əvəzləyən, son illərdə daim zədələlərin təqib etdiyi Filipe Paxtman Kulaç kimi effektiv ola bilmədi, ikinci hissədə isə ayağında qıcolma olaraq əvəzləndi.
Matçın ilk dəqiqələri qarşılıqlı hücumlar şəraitində keçdi. Həmin Paxtman Salifu Sumanın sağ cinahdan ötürməsinə çataraq ayaq qoysaydı, hesab erkən açıla bilərdi. Daha sonra Paxtman Sumanı zərbə mövqeyinə çıxarsa da, sonuncunun həmləsi qapının çox üstündən keçdi. Tədricən təşəbbüsü ələ alan qonaqlarda cərimə zərbələrindən asmalar təhlükəli alınmağa başladı. "Neftçi"nin qolu da məhz belə epizoddan sonra qeydə alındı. 22-ci dəqiqədə Emin Mahmudovun hava ötürməsindən sonra rəqibin cərimə meydanına gələn mərkəz müdafiəçisi Yuri Matiasın baş zərbəsi qarşısalınmaz oldu. Həmin epizodda "Zirə"nin mərkəz müdafiəçiləri kobud səhvə yol verdilər və braziliyalı stopper aralarında sərbəst, nəzarətsiz qaldı.
Buraxılan qol və ardından da komandasının müdafiə xəttindəki səhvlər Sadıqovu lap özündən çıxardı. Bu dəqiqələrdə çox emosional olan 41 yaşlı mütəxəssis həm futbolçularına, həm də hakimlərə narazılıqlarını açıq şəkildə bildirirdi. "Qartallar" sanki meydanda yox idi, rəqibin isə aramsız hücumları davam edirdi. "Neftçi" rəqibin belə suqsvanq vəziyyətindən maksimum istifadə edərək hesabdakı üstünlüyünü artırmalı idi. Xüsusilə Şinyaşiki ilə bağlı epizod yüzfaiz qol imkanı idi ki, Məqsəd İsayev lazımı anda lazımı yerdə olaraq topu küncə çıxara bildi.
Gözləmək olardı ki, komandalar fasiləyə qonaqların hesabda minimal üstünlüyü ilə yollanacaq. Amma 44-cü dəqiqədə gözlənilməz qol oldu. O mənada ki, Paxtmanın reydindən sonra top Sumaya düşdü, o isə qapıya zərbə vurarkən rəqiblə mübarizədən sonra yerə yıxıldı. Oyunda fasilə yaranan kimi baş hakim Rəvan Həmzəzadə VAR moitoruna dəvət aldı. Epizodun təkrarından görünür ki, Matias topa birinci çatır, amma sonra rəqibin ayağını əzir. Hətta "Neftçi"nin hücumu zamanı Salifu aldığı zərbədən ayağa qalxa bilməyərək yerdə qalmışdı, ona tibbi yardım göstərildi və fasilədə əvəzlənməli oldu. Buna baxmayaraq, hakimin qərarı aşkar səhv idi. Belə epizodlarda penaltini yalnız "Zirə" rəsmiləri təyin edə bbilərdi. Təyin olunan penaltini isə kapitan Qismət Alıyev dəqiq yerinə yetirdi. Bununla da "Zirə"ni yenə müdafiəçisi qolla sevindirdi.
İkinci hissə elə də maraqlı keçmədi. "Zirə" müdafiəyə çəkilərək 1 xala artıq razı olduğu halda, "Neftçi"nin təzyiqi, aqressivliyi artıraraq qələbəni qoparmaq əzmində idi. Amma son nöqtəni dəqiq qoymaq mümkün olmadı. Belə götürəndə, fasilədən sonra ən real qol imkanı az hücum edən zirəlilələrdə oldu ki, Məqsədin güclü zərbəsi zamanı hesabda irəli çıxmaları mümkün idi. Amma "Neftçi"nin qapıçısı İvan Brkiçin əla reaksiyası buna imkan vermədi. Sadıqov bütün 5 əvəzləmədən istifadə edərək hücum xəttindəkiləri oyundan aldı, müdafiəni gücləndirməklə istədiyi nəticəni qazandı. Mutu isə cəmi 2 əvəzləmə etməklə diqqət çəkdi. Halbuki, sərəncamında yetərincə futbolçu vardı.
Beləcə, "Zirə" bu mövsümdə evdə ilk dəfə qol buraxaraq ilk dəfə xal itirdi. "Neftçi" isə ardıcıl 2-ci turda qələbə üzünə həsrət qalaraq hesabına yalnız 9-cu xalı yaza bildi.
MEHMAN SÜLEYMANOV