Misli Premyer Liqasının XX turunun "Qarabağ" – "Turan Tovuz" (1:2) oyunundan sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– Uşaqlara axrıncı ağır ev məğlubiyyətindən sonra təşəkkür edirəm ki, bu oyun maksimum güclə mübarizə apardılar. Bütün detallarda uduzsalar da son dəqiqəyə qədər mübarizə apardılar. Şükürlər olsun ki, şanslarımız da oldu.

 

– "Kəpəz"lə oyundan fərqli olaraq bu matçda nəyi dəyişdiz?

– Futbolçuların hər biriylə fərqli danışdıq. Ki, həmin oyundan fərqli olaraq bu matça daha diqqətlə yanaşmalıyıq. Evdəki həmin məğlubiyyət bir də təkrarlanmayacaq.

 

– Çempionatın liderinə qarşı oynamaqla o oyunun fərqi var idi?

– Əslində "Kəpəz"lə son 2 matçımız ən pis oyunumuz idi. Yanaşma bir qədər fərqli idi. Biz də bunu dəyişdik.

 

– "Qarabağ" FCSB-ya künc zərbələrindəki qollardan sonra məğlub oldu. Bu oyunda ilk qolu da künc zərbəsindən vurduz. Xüsusi hazırlaşmışdız?

– Həm hücum, həm də müdafiə ilə bağlı standart vəziyyətlər üzərində çalışırıq.

 

Veysəl Rzayevin sol cinah müdafiəçisi kimi performansını necə qiymətləndirirsiz?

- Bu gün Veysəl yaxşı oynadı. Akademiyada o həm sol, həm də sağ cinah müdafiəçisi kimi oynayıb. Onun üçün fərqli mövqe deyil.

 

– Oyunda 2 penalti epizodu oldu, amma verilmədi. Siz necə düşünürsüz?

– Adətən hakimliklə bağlı sualları cavablandırmıram. Amma mənim olduğum mövqedən penalti olduğu görünürdü. Epizodu incələməmişəm.

 

– "Qarabağ"a qarşı 3-cü matçda da məğlub olmadız. Qurban Qurbanovun zəif nöqtəsini tapmısız?

– Bu cür məşqçiyə qarşı oynamaq asan deyil. Allah bizə kömək edir. "Qarabağ" Azərbaycan futbolunun flaqmanıdır. Qurbanov da onun memarıdır.

 

– Bu ölkə çempionatının ən güclüsünü məğlub etdiz. Tarix yazmağa hünəriniz var?

-Hər şey Allahın əlindədir.