Aprelin 3-də Bizon Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək. Sport24.az xəbər verir ki, turnirin son qalibi "Sabah" "Qarabağ"la üz-üzə gələcək.
Son altı qarşılaşmanın statistikası Masazır təmsilçisinin üstünlüyündən xəbər verir. "Bayquşlar" bu müddətdə Ağdam klubuna məğlub olmayıb.
"Qarabağ"ın bu rəqib üzərində son qələbəsi 2024-cü ilin sentyabrına təsadüf edir. Həmin vaxt "köhlən atlar" Misli Premyer Liqasının oyununda 3:1 hesabı ilə qalib gəlmişdi. Bundan sonra çempionat çərçivəsində keçirilən ardıcıl üç görüş eyni hesabla — 1:1 nəticələnib.
Komandalar ötən mövsüm ölkə kubokunun finalında da üz-üzə gəlib. Həmin matçda "Sabah" əlavə vaxtda 3:2 hesablı qələbə ilə tarixində ilk dəfə kuboka sahib çıxmışdı. Cari mövsümdə isə tərəflər arasında baş tutan oyunlarda Masazır klubu bir dəfə qalib gəlib (2:1), digər qarşılaşma isə 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, yarımfinalın ilk oyunu aprelin 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.