Premyer Liqamızda çempionluq mübarizəsi gərgin şəkildə davam edir. Təsadüfi deyil ki, "Neftçi"ylə "Qarabağ" hələ də şərikli lider olaraq qalırlar. Əslində, bürünc medal, avrokuboklara 4-cü vəsiqə, habelə, son pillədə olmamaq uğrunda da gərgin mübarizəyə şahidiq. Bütün bunlarla bağlı XX turdan başlayaraq Səbuhi Səfiyarlının fikriləriylə görüşünüzə gəlidik. İşlədiyi "Neftçi", "İnter"lə (hazırkı "Keşlə") və "Qəbələ"ylə titullar, çoxsaylı mükafatlar qazanan, iki dəfə Avropa Liqasının qrup həyəcanını yasamış tanınmış futbol agentlərimizdən olan keçmiş həmkarımız yenə turdan öncə dəyərləndirmələr aparacaq, ehtimallarını irəli sürəcək. 

"Əvvəldən də ehtimal edirdik ki, milli komandadan qayıdandan sonra futbolçuların yığmada olmağı hər iki kluba fərqli təsir göstərə bilər. Bu klublardan bəlkə də ən çox ziyan görəcək "Qarabağ"dı. Çünki bombardiri Mahir Emreli zədələnib və bir neçə matç komandaya kömək etməyəcək. Üstəlik, bu turda rəqibi olan "Keşlə"ylə səfərdə oynayacaq. Bir də ki, futbolçular yorğun gələndən, bir az yüklənmə altında oynayandan sonra sintetik örtükdə oynamaq onların əleyhinə işləyə bilər. Qurban Qurbanov da belə olan hallarda bəzi futbolçularını qorumağa üstünlük verir, bu qazonda həmişə onları oynatmır. Bu baxımdan "Keşlə" bəlkə də hansısa üstünlüyə malikdi. Bu da əsasən Mahirin olmamağı və süni örtüklə bağlıdı. Digər tərəfdən, "Keşlə" 10 matçdı qələbə qazanmır və Sənan Qurbanov baş məşqçi postuna gələndən sonra oyun planında bir az dirçəliş var. Artıq nəticə lazımdı və hesab edirəm ki, bunun reallaşması hardasa bu turlarda özünü göstərməlidi. Çünki bu qədər çox davam edə bilməz.

Əsas faktorlardan biri "Qarabağ"da Filip Ozobiçin olmağıdı ki, Mahir olmayanda bu xorvatiyalı yarımmüdafiəçi oyunu öz üzərinə götürür və əsas futbolçuya çevrilir. Emreli olduqda belə, Ozobiç çox böyük faktordu. Üstəlik, Filipi Sənan Qurbanov "Qəbələ"dən çox yaxşı tanıyır, oyun üslubuna bələddi, necə hansı vəziyyətlərdən təhlükə yaratmağı bacardığını bilir. Buna görə ona qarşı hansısa bir müdafiə sistemi fikiləşə bilər.

Eyni şey hardasa "Neftçi"yə də aid ola bilərdi. Ancaq bu komandanın milidə futbolçularının az olmağı və əsas da Premyer Liqamızın bombardiri Namiq Ələsgərovun ümumiyyətlə, oynamamağı bir az hardasa "Neftçi"yə üstünlük verir. Həm də "Qarabağ"dan fərqli evdə çıxış edir bu komanda. Sadəcə, burda bir maraqlı məqam var ki, "Neftçi"nin "Sumqayıt"la öz meydanında matçlarda qonaqların kifayət qədər qələbə sayı var - 4. Bu, çox böyük göstəricidi və son vaxtlar bilirik ki, "Neftçi" "Sumqayıt"la istədiyi qədər uğurlu oynaya bilmir. Bir məqam da budu ki, "Bakcell Arena"dakı görüşdə Keysuke Honda debüt edə bilər. Bu cəhətdən də çox maraqlıdı. Hondanın debütü həm özü, həm də "Neftçi" üçün bir az əlavə motvasiya ola bilər. 

Bütün bunları nəzərə alsaq, bu tur çempionluq baxımından çox böyük mərhələdi. Müqayisə aparaq ki, marafon qaçışlarında bəlkə də son maneədi bu tur. Belə deyim ki, sonuncu dövrədən əvvəl axırıncı, çox vacib maneədi. Bu iki klubdan biri ola bilər ki, bu turda "ilişsin". Bəlkə ikisi də bu aqibətlə üzləşsin. Bu turu mənim üçün həmin çempionluq mübarizəsində kimin hansı dəyişiklik olacağına siqnal verən bir tur kimi görürəm".