Azərbaycan Kubokunun son qalibi "Keşlə"nin yay fasiləsində heyətinə qatmağı planlaşdırdığı daha bir legioner müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, bu, Şimali Makedoniyanın "Pelister" klubunun anqolalı hücumameylli yarımmüdafiəçisi Aldair Netodu.

Tam adı Aldair Sapalo Amaro Neto olan 27 yaşlı bu futbolçuyla maddi şərtlərdə ilkin razılıq əldə olunub. 

"Keşlə"nin məhz Netoya maraq göstərməsi təsadüfi deyil. Belə ki, o, "Keşlə"nin transferini böyük ölçüdə həll etdiyi seneqallı cinah yarımmüdafiəçisi Omar Qudiabinin komanda yoldaşıdı. Omarın vizası demək olar həll olunub və bu həftəsonunadək Bakıya gələrək rəsmi müqaviləyə imza atması nəzərdə tutulub. 

Sonda da bildirək ki, Konfrans Liqasındakı təmsilçimiz argentinalılar - Ezekiel Miranda və Franko Lautaro Kosta ilə ciddi maraqlanırdı. Cinah hücumçusu olan 28 yaşlı Mirandanın klubuyla müqaviləsi olduğundan, onun 1 illiyə icarəyə götürülməsiylə bağlı danışıqlar gedib. Ancaq bu, müsbət yekunlaşmadığından, Miranda gələsi olmayıb. 30 yaşlı Kosta isə sərbəst futbolçu olsa da, maddi tələbləri yüksək olduğundan, təmsilçimiz transferlə bağlı riskə getməməyi daha məqsədəuyğun tutub.