"Çempionatın ən yaxşı komandalarından birinə qarşı oynadığımızı bilirdik. Rəqibin yaxşı kollektivi və oturuşmuş heyəti var". Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in futbolçusu Ehtiram Şahverdiyev deyib.
28 yaşlı oyunçu "Zirə"yə evdə 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının 32-ci turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Bütün bunlara baxmayaraq biz də bu matçda xal qazanıb mövqeyimizi daha da möhkəmləndirmək istəyirdik. Meydana qələbə üçün çıxmışdıq. Təəssüf ki, alınmadı. "Zirə"ni təbrik edirəm. Məğlubiyyətə nəyin səbəb olduğunu deyə bilmərəm. Amma hələ qarşıda bir neçə oyunumuz var. Var gücümüzlə çalışıb bu matçlarda xal və xallar qazanmaq niyyətindəyik".
Şahverdiyev "Səbail" sonuncu turda heç-heçə edərək xal fərqini yeddiyə endirməsi barədə də danışıb:
"Düşünürəm ki, bu, bizə problem yaratmayacaq və qarşıdakı oyunlarımıza da təsir etməyəcək. Çünki növbəti matçlara tam gücümüzlə hazırlaşacağıq ki, yaxşı nəticələr əldə edək".
Qeyd edək ki, "Kəpəz" 33-cü turda səfərdə "Neftçi" ilə üz-üzə gələcək. Mayın 4-də baş tutacaq görüş saat 20:00-da başlayacaq.