Mövsümə uğursuz başlayan, cəmi VI tur geridə qalmasına baxmayaraq, istər rəhbərlik, istərsə də baş məşqçi səviyyəsində dəyişiklər olan "Kəpəz" maliyyə planında da itirə-itirə gedir. Sport24.az-a bu barədə etibarlı mənbədən ilginc məlumat daxil olub.
Mənbəmizin sözlərinə görə, son olaraq "Kəpəz"də Əməliyyatlar üzrə rəhbər postunu tutan İlqar Nadiri işindən ayrılsa da, kreslosunu heç də havayı verməyib. Qarşılıqlı razılıq əsasında müqaviləsinə xitam verilən Nadiriyə klub 40 min manat təzminat ödəyəcək.
Gəncə təmsilçisi "sarı-göylər"in sabiq icraçı direktoru Cabir İbrahimova da pul ödəyəcək. Onun təzminatı isə 20 min manat təşkil edəcək.
Qeyd edək ki, Premyer Liqanın 6 turundan sonra aktivində xal olmayan "Kəpəz" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.