"Karvan-Yevlax"ın qapıçısı Pedro Mateuş "Zirə"yə səfərdə 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XX turunun oyunundan sonra Sport24.az-a müsahibə verib.

- Komandanız övbəti dəfə məğlub oldu. Səncə, uğursuzluğun səbəbi nədir?
- ⁠Biz vəziyyəti dəyişmək, 3 xal qazanmaq üçün əlimizdən gələni edirik. Amma bir çox səbəblərə görə bu, çətin alınır. Bəzən istədiyimiz oyunu göstərə bilmirik, bəzən də bəxtimiz gətirmir. Bu, futboldur, hər şey ola bilər. Səbirli olmalıyıq. Qələbə mütləq gələcək. Ümid edirəm ki, bundan sonra qazanmağa başlayacağıq və bu çətin vəziyyətdən çıxacağıq.

- Hazırda turnir cədvəlinin sonuncu pilləsindəsiniz. "Karvan-Yevlax" aşağı liqaya düşmək üçün ən real namizəd sayılır. Futbolçular bu barədə nə düşünür?
- Bu barədə Nə deyə bilərəm? Sadəcə, gözləməliyik. Nəticəni birlikdə görəcəyik.

- ⁠Komandanın Premyer Liqada qalacağına inanırsan?
- Əlbəttə. Hələ qarşıda çox oyun var. Qazana biləcəyimiz təxminən 39 xal var. Düzdür, bütün oyunları qazanmaq çətindir, xüsusən də indiki vəziyyətdə. Amma təsəvvür edin ki, növbəti oyunda qalib gəlsək, düşüncə tərzimizi dəyişə bilərik. Bəlkə də bundan sonra ardıcıl qələbələr gələcək. Bilmirəm, amma hər şeyimizi ortaya qoyacağıq. Məşq edirik, çox çalışırıq. Görək nə olacaq.

- Baş məşqçinin dəyişməsi komandaya necə təsir edib? Yeni mütəxəssislə kollektivdə nə dəyişib?
- Fiziki hazırlıq baxımından görürük ki, o, təcrübəli məşqçidir. Çox şey bilir və bizə ciddi kömək edir. Əlbəttə, hər iki məşqçi fərqlidir, hərəsi öz bildiyi kimi işləyir. O, bizə kömək etmək üçün əlindən gələni edir, biz də eyni şəkildə çalışırıq.

- Səndən əvvəl Azərbaycan Premyer Liqasında San-Tome və Prinsipidən başqa futbolçu da çıxış edib. Haramis Soareslə Azərbaycan barədə danışmısan?
- Haramislə yaxın dost deyilik, amma bilirəm ki, o, əvvəllər San-Tomeni təmsil edib. Ola bilsin ki, gələcəkdə yenidən birlikdə milli komandada oynayaq. Mən gələn ay millinin düşərgəsinə qoşulacam. Haramislə bağlı bilmirəm, amma o, yaxşı oyunçudur, yaxşı hücumçudur. Gözləyək, görək.

- Hazırda milli komandada çıxış edirsən?
- Bəli.

- Milli komandanın baş məşqçisi Portuqaliyadandır?
- Bəli, portuqaliyalıdır.

- O, səninlə Azərbaycan Premyer Liqası barədə danışır?
- Bəli, əlbəttə. İki gün əvvəl mənə zəng etmişdi. Milli oyunlara çağırılacaq futbolçuların siyahısını hazırlayırdı. Məndən buradakı çempionatın səviyyəsi, oyunçular barədə soruşdu. Ona dedim ki, çempionat yaxşıdır, inkişaf edir. Görünür ki, ildən-ilə daha da güclənir.