Ötən mövsümün sonunda dağılan, bugünlərdə isə yenidən fəaliyyətini bərpa edən “Karvan” bu dəfə işə daha iddialı başlamaq niyyətindədi. Sport24.az-ın əldə etdiyi məlumata görə, Yevlax təmsilçisi keçən il maliyyə böhranı yaşayırdısa, növbəti mövsümdən belə bir problemi olmayacaq.

Çünki bölgə klubu özünə yeni sponsor tapmağı bacarıb. Yenidən Region Liqasında çıxış edəcək “Karvan”ı yevlaxlı iş adamları himayəsinə götürüb.

Yeni sponsor vaxt itirmədən əməli fəaliyyətə də başlayıb. Belə ki, Yevlax şəhər stadionunda yenidənqurma işlərinə start verilib. Hətta qazonbiçən maşın da alınıb. Oturacaqlar yenilənəcək, paltardəyişmə otaqları da daxil olmaqla arenada ciddi təmir işləri olacaq. Gələcəkdə ot örtüyünün dəyişdirilməsi də gündəmdədi.

“Karvan” rəhbərliyi komandanın ardıcıl olaraq 2023/24 mövsümündə I Divizionda, 2024/25 mövsümündə isə Premyer Liqada iştirakını hədəfləyib.

Böyük futbolun Yevlaxa dönməsində AFFA da maraqlıdı. Hətta yaxın müddətdə assosiasiyanın baş katibi Sərxan Hacıyevin Yevlaxa səfəri də planlaşdırılır. Onun adıçəkilən rayonda olduğu müddətdə yerli icra başçısı ilə görüşü də istisna edilmir.

O ki qaldı komandaya, yeni mövsümdə də baş məşqçi Kənan Kərimov olacaq. Onun köməkçiləri qismində isə Rəşad Yusifov və Rüstəm Nağıyev çalışacaq.