"İmişli" Misli Premyer Liqasının 25-ci turunda səfərdə "Neftçi"yə 0:6 hesabı ilə uduzub. Sport24.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Nəticəyə görə azarkeşlərimizdən üzr istəyirəm. Bütün günahı, cavabdehliyi öz üzərimə götürürəm. Əlbəttə ki, məntiqli olaraq əhvalımız pisdir. "Neftçi"ni qələbə münasibətilə təbrik edirəm.
- Novruz və Ramazan bayramıdır. Adətən baş məşqçilər bununla bağlı jurnalistləri və ictimaiyyəti təbrik edir. İstəyərədim ki, bununla bağlı məlumatlı olasız...
- Başa düşdüm, çox sağ olun. Təbrik edirəm.
- Ötən tur "Sabah" 5, bu gün isə "Neftçi" 6 qol vurdu. Növbəti oyun "Turan Tovuz"a qarşıdır. Yeddinci qola hazırsız?
- Bu sualla baş məşqçiyə qarşı hörmətsizlik edirsiz.
- Premyer Liqanın 22-ci turunun "Turan Tovuz"la (0:0) görüşündən sonra sual vermişdim ki, heyətin geniş olmamasına görə, çətinlik çəkə bilərsiz. Siz də bildirmişdiz ki, bəli, əziyyət çəkəcəyik, amma buna hazırıq. Artıq həmin ağır perioda daxil olduğunuzu deyə bilərik?
- Əlbəttə ki, neqativ fazanı keçirik. İki oyunda 11 qol buraxmışıq. Bir az gözlənilməz idi. Komandanın psixoloji durumu yaxşı idi. Bu qədər qol buraxacağımızı gözləmirdik. İki oyunun göstəricisi odur ki, biz erkən qollar buraxdıqdan sonra komanda emosional, köklənmə cəhətdən özünü itirir. "Sabah" və "Neftçi" kimi yüksək səviyyəli komandalar bundan istifadə edir. Buna baxmayaraq, futbolçularım əllərindən gələni edirlər. Həmin futbolçulardır oynayanlar. Sona qədər də mübarizəmiz davam edəcək. Hazırda baş verən fasilə bizə xeyirli olacaq ki, komanda bu cür məğlubiyyətlərdən sonra psixoloji olaraq özünə gələ bilsin.
- "Kəpəz" son qələbəsindən sonra "İmişli"yə çatmağa yaxındır. Premyer Liqada qala bilməmək təhlükəsi hiss edirsiz?
- Heç vaxt şübhəm olmayıb ki, Premyer Liqada qalmayacağıq. Biz toparlanacağıq, bərpa olacağıq və öz məqsədlərimizə doğru gedəcəyik.
- Mövsümün əvvəlində "İmişli" daha çox yerli futbolçuları oynatmaqla seçilirdi. Amma sonradan daha çox legionerlər oynamağa başladı. Belə düşünmək olar ki, yerlilər xarici futbolçulardan daha keyfiyyətlidir?
- Bu, onunla bağlı deyil. Kimsə bir-birindən güclüdür, deyə bilmərik. Legionerlərimiz və yerlilər arasında zədəlilərimiz var.