"Qəbələ" - "Kəpəz" matçını həyəcanla izləyənlərdən biri də İlqar Nadiri idi. Gərgin keçən və qonaqların minimalhesablı qələbəsi başa çatan 90 dəqiqənin sonunda Gəncə klubunun İdarə Heyətinin sədri Sport24.az-ın bölgəyə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.


- İlqar bəy bugünkü qələbə ilə elitada qalmağı rəsmiləşdirdiz...
- Çox çətin qarşılaşma oldu.
Əsas odur ki, bizə lazım olan 3 xalı qazandıq. Qış fasiləsindən sonra işimizin ağır olacağını bilirdik. Buna baxmayaraq, hamımız yumruq kimi birləşib, inadla mübarizə apardıq. Elitada qalmaq məqsədinə nail olduq. Amma uğurumuzu sırf bugünkü matçdakı qələbəyə bağlamazdım. Bu qış fasiləsindən sonrakı apardığımız mübarizəmizin nəticəsidi. Üzərimizdə böyük təzyiq var idi. Stress, psixoloji basqı yaşayrdıq. Nəhayət ki, bütün bunları üzərimizdən ata bildik. Baş məşqçimizi, futbolçuları və bütün "Kəpəz"sevərləri təbrik edirəm. Azarkeşlərimizə xüsusi minnətdarıq. Onlar ən çətin anlarda belə bizi tək qoymadılar. Sağ olsunlar.

 

- Sizcə, Azər Məmmədov yola salınmasaydı "Kəpəz"i xilas etmək olardı  yoxsa bunu ancaq Adil Şükürov bacardı?
- Bu barəfə çox danışmaq istəməzdim. Qısaca deyim ki, biz komandadakı ab-havanı dəyişmək üçün məşqçi dəyişikliyinə getdik. Adil müəllim də sağ olsun. Gəlişiylə həm oyun planında, həm də nəticələrdə inkişaf gördük. Odur ki, baş məşqçimizin rolu danılmazdı.

 

- Klub qarşısına qoyduğu əsas hədəfə çatıb. Qarşıdakı 4 oyuna komandanı motivasiya etmək çətin olmayacaq?
- Düzdü, əsas istəyimizi həyata keçirdik. Hazırda onlayn olaraq 8-ci pillədəyik. Buna rəğmən inanmıram ki, futbolçularımız arxayınlaşsınlar. Baş məşqçimiz də buna imkan verməz. Çempionatı 8-ci pillədə başa vursaq yaxşıdı. Bunun üçün çalışacağıq.


- Hazırkı heyəti növbəti mövsüm üçün qoruya biləcəksiz?
- Təbii ki, çətin olacaq. Maksimum çalışacağıq ki, hazırkı futbolçuların əksəriyyətini düşərgədə saxlayaq.



ABDULLA İSMAYILOĞLU