"Qış fasiləsinə qədər olan nəticə bizi razı sala bilməz. Mövsümün əvvəlində yaxşı heyət yığıb, yuxarı pillələr üçün mübarizə aparmaq istəyirdik". Bu sözləri Sport24.az-a açıqlamasında MOİK-in baş məşqçisi İlham Yadullayev deyib.

48 yaşlı mütəxəssis komandasının qış fasiləsində hazırlıq planları haqda danışıb:

"Təəssüf ki, birinci turdan uğursuz nəticələr oldu. Mövsümün əvvəlində vacib futbolçularımızdan üçü uzunmüddətli zədə aldı ki, bu da istər-istəməz komandanın nəticələrinə mənfi təsir göstərdi. Hər oyunda dominant futbol oynayırdıq, amma şanssızlıq olurdu. Komandanın yeni qurulduğunu da nəzərə almalıyıq. Fasilə ərəfəsində nəticələrimizi yaxşılaşdıra bilmişdik. Yalnız son turda lider "Şəfa"ya məğlub olduq. Qış toplanışının planı hazırdır. Yanvarın 8-də Bakıda məşqlərə başlayacağıq. Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək. Seleksiya xarakterli oyun və məşqlər planlaşdırmışıq. Rəqiblər məlum deyil. Çempionat başlayana qədər 3-4 yoxlama matçı keçirə bilərik".

Qeyd edək ki, XII turdan sonra aktivində 14 xal olan MOİK tunir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.