"Komandanın hazırlığı plan üzrə davam edir. Artıq təlim-məşq toplanışının ikinci həftəsinə start vermişik. Futbolçuların fiziki və taktiki hazırlığı istiqamətində intensiv məşqlər keçirilir. Məşqçilər korpusu olaraq komandanı yeni mövsümə ən yaxşı şəkildə hazırlamağa çalışırıq". Bu sözləri Sport24.az-a açıqlamasında MOİK-in baş məşqçisi İlham Yadullayev deyib.
47 yaşlı mütəxəssis komandasının növbəti mövsümə hazırlığından danışıb:
"Heyətdə kifayət qədər köklü dəyişikliklər olub. Bir neçə futbolçu ilə yollarımızı ayırmışıq, onların əvəzində isə komandaya yeni oyunçuları cəlb etmişik. Hazırda heyət demək olar ki, tam formalaşıb. Yalnız 2-3 legionerin komandaya qoşulmasını gözləyirik. Onlar da düşərgəyə gəldikdən sonra transfer çalışmalarını yekunlaşdıracağıq və diqqətimizi tam şəkildə çempionata hazırlığa yönəldəcəyik".
Yadullayev yeni mövsümdə MOİK-in qarşısına qoyulan hədəf barədə də fikirlərini bölüşüb:
"Yeni mövsümdə qarşımıza qoyduğumuz məqsəd dəyişmir. Hədəfimiz hər zaman olduğu kimi, yüksək yerlər uğrunda mübarizə aparmaqdır. İnanıram ki, düzgün hazırlıq sayəsində məqsədlərimizə çatmaq üçün yaxşı şansımız olacaq".