Artıq bütün təmsilçilərimiz avrokuboklarda cari mövsümdə çıxışa başladılar. Uğursuz həftə haqda dünən analitik yazı yazmışdıq, bu dəfə mövzunu müsahibə formasında davam edirik. Müsahib kimi millimizin keçmiş üzvü Fərrux İsmayılovu seçməyimiz təsadüfi deyil. Axı, əsas problem hücumdu, qol vura bilməməkdi, İsmayılov isə ən yaxşı, qolçuluq bacarığıyla seçilən hücumçularımızdan olub.

- Təmsilçilərimiz üçün bu həftə avrokuboklar uğursuz alındı - nə qələbə qazana bildik, nə də qol vura...

- Onun da ən başlıca səbəbi hücumçu problemidi belə çıxır.

- Buna görə keçmiş hücumçu kimi sizə müraciət etdik ki, bu problemi necə çözmək olar?

- Hər bir komandamızda hücumçu problemi var. Hər bir klubun daxili işidi, ancaq mənə elə gəlir ki, aşağı yaş qruplarından çalışmaq lazımdı heç olmasa bundan sonra hücumçu yetişdirə bilək. Bu, mütləq lazımdı. Təklif edərdim ki, hər bir klubda hücumçuyla işləyən məşqçi olsun.

- Necə qapıçılarla işləyən məşqçi var, hücumçuyla da olmasını şərt sayırsınız...

- Bəli, bəlkə gələcəkdə bununla nəyisə nail olaq, hücumçu yetişdirə bilək. Doğrudan acınacaqlıdı ki, azərbaycanlı hücumçu çox azdı. Say nə qədər çox olsa, milli komandamıza da rahat olar ki, gedib hardasa tapmayaq, elə burda gözümüzün qabağında olar. Bugünkü vəziyyət onu göstərir ki, hücumçularla da ayrıca işləmək lazımdı - heç olmasa 30 dəqiqə də olsa. Bunun üçün məşqçi işləyən veteran hücumçularımıza müraciət eləmək lazımdı ki, nəyisə öyrədə, hücumçuya xas bütün xüsusiyyətləri onlara aşılaya bilsinlər. Bəlkə bundan sonra hücumçularımız üzə çıxar. Bir məşqlə yetərli olmur. Hücumçu ümumi komandayla məşqini edir, çıxıb gedir. Ancaq hücumçularla məşqdən sonra qalıb işləsələr, daha yaxşı olar - bu, gənclərə aiddi. 5-10 dəqiqə artıq qalıb işləmək problem deyil, özünə daha yaxşı olar.  

- Avrokuboklar təmsilçilərimizin hücumçularının hamısının yerlilər olduğuna yəqin, diqqət yetirmisiniz. Legionerlər hələ ki yoxdu, bizimkilər isə o yükü daşıya bilmirlər belə çıxır...

- Deməzdim belə. Namiq Ələsgərova bel bağlayırıq, "vuran ayağı" var, bir az cəlddi, oyunu öz üzərinə götürə bilir. Əslində, o, mərkəz hücumçusu olmayıb, sonradan bu mövqeyə çəkilib. "Vuran ayaq" varsa, niyə olmasın hücumçu? Mirabdulla Abbasov isə sırf hücumçudu, sadəcə, hələ ki təcrübəsi çatmadı, gəncdi.

- Gənc demək olmaz, artıq 26 yaşı var...

- Hə də, gənc deyirik, artıq yaş da gedir. Bizim hücumçu Mahir Emrelidi, Avropada gedib qollarını vurur, maşallah olsun! Niyə Mahir kimi olmasın biziim azərbaycanlı uşaqlar? Mirabdullaya oyun praktikası çatmır, Avropa təcrübəsi yoxdu. Qaçır, işləyir, nəsə eləmək istəyir. Amma elə şeylər var ki, gözləmək lazımdı top ona gəlsin. Hücumçu onu hiss eləməlidi, onda "6-cı hiss" olmalıdı. Elə yer seçməlisən, hiss eləməlisən ki, top bura düşəcək. Bax, bu şeylər də vacibdi hücumçu üçün. Bunları gənclərə veteran hücumçular öyrətsə, daha yaxşı olar. 

- Elə siz özünüz də gənc həmkarlarınıza nələri tövsiyə edə bilərsiniz - əsl hücumçunun qol hissiyyatından başqa nəyi olmalıdı?

- İnzaqini götürək, qaçırdı ki...Dayanırdı, yer seçirdi, qolunu vururdu. Yaxud Van Persi qaçırdı və bilirdi ki, top hara gələcək. Hücumçunun əsas vəzifəsi nədi - topu qapıya göndərmək. Onun özü də böyük ustalıqdı. Kimsə deyə bilər ki, filan hücumçunun texnikası yox idi. İndi baxırsan Avropada hücumçuların boyu 1,90-dı, texnikaları zəifdi, ancaq "ikinci mərtəbədə" rəqiblərini qabaqlayaraq qollarını vururlar. Hamı İbrahimoviç ola bilmir ki...Hücumçuya xas olan bütün xüsusiyyətləri cəmləşdirmək lazımdı ki, sənə rahat olsun. Bizimkilərdə isə bunlar çatışmayan cəhətlərdi - bir şey varsa, o biri yoxdu. 

- Namiq 1 aylıq sıradan çıxıb, Mirabdullaya bir şansdı bundan istifadə edib əsas heyətdə möhkəmlənsin. Ancaq nə dərəcədə bu yükü daşıya biləcək - böyük bir sualdı...

- Əlbəttə, Mirabdulla üçün böyük bir şansdı. O, özü-özünə sübut eləməlidi. Mirabdulladan da gözləyirəm, elə qollar vurur ki, gözlənilməz olur. Elə bir xüsusiyyəti var onun. Namiqlə kifayətlənmək olmaz. "Neftçi"də ehtiyat skamyaya baxanda, oyunu dəyişəcək futbolçu görmürəm.

- Sizcə, Namiq karyerasının ən yaxşı dövründə zədələnəndən sonra özünə gələ biləcək?

- Allah ona şəfa versin! Doğrudan çətin bir zədədi - baş, kəllə-beyin, burun, hamısı qarışıb bir-birinə. Biz də istəyərdik tez qayıtsın. Həkimlərin icazəsiylə nə qədər tez qayıda bilsə, formaya düşə biləcək. Namiq indiyədək xarakter göstərib ki, əsas heyətdə yerini qazanıb. Mənə elə gəlir ki, bundan sonra da belə olacaq. Namiq elə bir tipli adam deyil ki, xaraktersiz olsun.

- Millimizin əsas hücumçularından olan Ramil Şeydayevə də toxunaq. Güclü yarımmüdafiə xətti olan "Qarabağ"a qayıtdı. O, niyə qolunu vura bilmir?

- Məncə, Şeydayevə vaxt lazımdı ki, daim əsas heyətdə oynasın. Bununla həm komandaya uyğunlaşsın, həm yanındakı oyunçular onu başa düşsün. Boyu da var Ramilin ki, üstün keyfiyyətlərindən istifadə eləsin. Ən azı 1 ay da dözsək, Şeydayev bu müddətdə oyunlara stabil başlasa, bura ilk dəfə gəldiyi formasını qaytara bilər. 

- Və sonda təmsilçilərimizin mərhələ keçmək şanslarını dəyərləndirərdiniz.  "Keşlə"ni çıxmaq şərtilə, qalanlarından kim daha şanslıdı? 

- İlk olaraq "Qarabağ"a inanıram ki, orda keçə bilər, qol vurmağa qadirdi. "Neftçi" isə evdə çıxış edir, baş məşqçisi Samir Abasovun müsahibəsini oxudum. Çox istəklidi, hətta Bakıdakı matçı səbirsizliklə gözlədiyini açıqlayıb. İnanıram ki, Abasov burda mərhələni nəyin bahasına olursa-olsun keçəcək. Çünki onun danışığı, futbolçularına verdiyi motivasiyası nəyəsə desən dəyər. "Sumqayıt" isə gənclərdən qurulan komandadı, səfərdə pis təsir bağışlamadı. Düzdür, rəqibin üstünlüyü daha çox oldu. Amma "Sumqayıt"ın da qapıya zərbələri, kəsərli hücumları oldu. Məncə, burda nəsə edə, 1 qol vurub üstünlüyünü sonadək qoruya bilər. 

- "Qarabağ"da mərkəz müdafiəçiləri onsuz da az idi, məcburiyyətdən orda oynadılan Maksim Medvedev də cəzalı oldu...

- Bax, bu, bir az ağır oldu. İtkilər üst-üstə gəldi. Yəqin ki, baş məşqçi Qurban Qurbanovun alternativ variantı var. Əvəzedilməz futbolçu yoxdu. Kimisə bir mövqeyə qoyanda, özünü göstərmə şansı artır. Kimisə müdafiənin mərkəzinə qoysa, daha yaxşı, fərqli oynmağa çalışacaq ki, əsas heyətdə yer alsın. "Qarabağ"da müdafiənin pis vəziyyətdə qalacağına inanmıram. Qurban müəllim daha yaxşı bilir, boşluğu hansısa futbolçuyla bağlayacaq. Hər bir komandamıza uğurlar arzulayırıq. İstəyirik ki, mərhələni keçsinlər, bunun üçün azarkeşlik edirik, dəstək oluruq. 

 

 

MEHMAN SÜLEYMANOV