Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyunu çərçivəsində səfərdə Latviya ilə 0:0 hesablı heç-heçə edib. Sport24.az yığmamızın baş məşqçisi Fernandu Santuş matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Düşünürəm ki, komanda oyuna yaxşı köklənmişdi. İlk 15-20 dəqiqədə bir az problemlərimiz var idi. Xüsusən də topa nəzarət baxımından. Demək olar ki, yalnız bir istiqamətdə hücum qurmağa çalışırdıq. Daha sonra komanda topa nəzarət etməyə başladı. İkinci hissədə topa nəzarət bizdə idi. Rəqibin qapısında təhlükə yarada bilirdik. Rəqib isə qapımızın qarşısında təhlükə yarada bilmədi. Latviya millisi də hücum qurmağa çalışırdı. Ümumi götürəndə komandam yaxşı çıxış etdi. Çatışmayan yeganə şey qol epizodlarını dəyərləndirə bilməmək idi. Məşqlərdə qapıya zərbələri çox çalışırıq. Bu gün uzaqdan zərbələr çatışmadı. Hər oyunçu topla qapıya girmək istəyirdi.

 

- Azərbaycandan bura sadəcə topa nəzarət etməyə gəlmişdiz? Sizcə, bundan bərbad oyunumuz ola bilər?

- Əlbəttə ki, qələbə qazanmağa gəlmişdik. Amma o komanda ki, topa nəzarət etmir, heç vaxt qələbə qazana bilməz. Topa nəzarət yoxdursa, qələbə də ola bilməz. Təhlükəli epizodlar yaratdıq. Qapıya zərbə vurmuruq.

 

- Mahir Emreli 2 metr məsafədən qol vura bilmir. Bunun səbəbi nədir?

- Əlbəttə ki, bu da futbolun bir hissəsidir. Belə hallar olur. Mahir bundan öncəki çətin epizodları qola çevirə bilirdi, lakin bu gün alınmadı. Nəriman Axundzadənin də epizodları var idi. Oyunu ümumi təhlil etsək, komanda pis çıxış etmədi. Bəzi məqamlar var ki, daha yaxşı etməliyik. 

 

- Elvin Bədəlovun durumu necədir?

- Ayağında problem var. Həkimlər baxandan sonra dəqiq məlumat verəcəklər.