Azərbaycan millisinin futbolçusu Abbas Hüseynov UEFA Millətlər Liqasının 3-cü turunda sabah Tallində keçiriləcək Estoniya ilə oyun üçün təşkil olunan mətbuat konfransında iştirak edib. Sport24.az xəbər verir ki, 28 yaşlı müdafiəçi səfərdən 3 xalla qayıdacaqlarına inandığını bildirib: "Oyuna yaxşı hazırlaşmışıq. Komandada çox yaxşı ab-hava var. Sabah meydandan yaxşı nəticə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, qələbə qazanıb, vətənə 3 xalla qayıdacağıq".
O, uzunmüddətli zədədən qayıtmasından da danışıb: "Çalışıram ki, optimal formama yaxın olum. Əvvəlkindən də daha yaxşı olmaq üçün əlimdən gələni edirəm. İnanıram ki, daha da yaxşı olacağam".
Qeyd edək ki, oktyabrın 11-də Tallində keçiriləcək Estoniya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.