Azərbaycan Premyer Liqasında (APL) qış fasiləsindən sonra buraxmayan komanda qalmadı. Sport24.az xəbər verir ki, buna son üzülən "Sumqayıt" oldu.

Belə ki, "gənclik şəhəri"nin təmsilçisi Qəbələdə buraxdığı qolla bu il ümumiyyətlə, ilk dəfə meydandan xalsız ayrıldı - 0:1. Buna "Qəbələ"nin nigeriyalı hücumçusu Ceyms Adeniyi 51-ci dəqiqədə vurduğu qolla nail oldu.

Sumqayıtlılar APL-in 2021-ci ilində səfərdə "Keşlə"ni 1:0, evdə "Səbail"i 3:0 hesabıyla məğlub edərək, "Qarabağ"la qolsuz bərabərliyə qalaraq qapısında top görməmişdi. "Sumqayıt"ı son dəfə keçən il son turda keçmiş yarımmüdafiəçisi, bu mövsümdən "Sabah"da çıxış edən Aleksey İsayev 65-ci dəqiqədə penaltidən vurduğu qolla məyus etmişdi.

Beləliklə, "Sumqayıt"ın "quru seriya"sı 346 dəqiqə çəkdi. Bu isə cari çempionatın rekordu oldu. Çünki bunadək "Qarabağ" 331 dəqiqəylə əlçatmaz idi. Bu, IV-VIII turlarda reallaşmışdı ki, seriyanı "Keşlə"ni 6:1 hesabıyla yendikləri ev matçının 25-ci dəqiqəsində rəqibin yarımmüdafiəçisi Vüsal İsgəndərli qırmışdı. Onu da bildirək ki, "Qarabağ"da bu uğurlu seriyaya 2 qapıçıyla - millimizin də üzvləri olan Şahrudin Məhəmmədliyev və Emil Balayevlə nail olub. 

"Sumqayt"da bu ildən bütün matçlarda qapıda Mehdi Cənnətov çıxış edir. O, uzun illərdi komandada "1 nömrə" olsa da, cari çempionatın əvvəlində zədələndiyinə görə əsas heyətdə yerini gənc həmkarı Aydın Bayramova təhvil vermək məcburiyyətində qaldı. "Sumqayıt"ın rekord seriyasının 25 dəqiqəsi məhz Bayramovun payına düşür ki, bu da son buraxdığı matçda qapıda olmasıyla bağlıdı. Yeri gəlmişkən, Aydın bu çempionatda Mehdidən çox oyun keçirib - müvafiq olaraq 11 və 7 matç. 

Cənnətov bunadək son qolu isə X turda "Qarabağ"a "Azərsun Arena"da 1:6 hesabıyla uduzduqları matçın 75-ci dəqiqəsində Mahir Emrelidən buraxmışdı. Yəni, millimizin də üzvü olan Mehdinin şəxsi seriyası 336 dəqiqə oldu. Bu da cari çempionatda qapıçılar arasında rekorddu. Bunadək ən uzun "quru seriya" "Keşlə"nin moldovalı qapıçısı Stanislav Namaşkoda idi. 35 yaşlı bu qolkiper ilk 3 oyunda qol buraxmamış, IV turda "Zirə"ylə ev matçının 21-ci dəqiqəsində mozambikli yarımmüdafiəçi Klesio Baukun dəqiq zərbəsindən sora topu tordan çıxarmışdı. Yəni, Namaşko 291 dəqiqəqə dayanmışdı.