Misli Premyer Liqasının VII turunda "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olan "Şəfa"nın baş məşqçisi Zaur Həşimov oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə qarşılaşma barədə fikirlərini bölüşdü:
– Axşamınız xeyir. Əslində oyun haqqında uzun-uzadı danışmağa ehtiyac yoxdur. Nə meydandakı istək, nə də fiziki hazırlıq baxımından rəqibdən geridə qalmadıq. Sadəcə olaraq ustalığımız və heyətdəki səviyyəmiz belə iddialı komandalardan xal və ya xallar qazanmağa kifayət etmir. Bu amil bugünkü qarşılaşmanın taleyinə böyük təsir göstərdi. Təəssüf ki, qolu da öz diqqətsizliyimizdən, meydanın mərkəzində topu itirdikdən dərhal sonra buraxdıq.
– Önümüzdəki turlarda ağır oyunlar var. Heyətdəki ustalıq səviyyəsini artırmaq üçün qış fasiləsində transferlər gözlənilir? Bu barədə rəhbərliklə müzakirəniz olub?
– Qış transfer pəncərəsi barədə hələ ki rəhbərliklə hər hansı danışığımız və ya müzakirəmiz olmayıb. Ustalıq səviyyəsi dedikdə, rəqibin heyətindəki keyfiyyətli futbolçuları da nəzərdə tuturam. Belə rəqiblərə qarşı oynayanda öz potensialını və ustalığını tam açmaq da asan olmur.
– Elmir Tağıyevlə bağlı vəziyyət necədir? Niyə əsas heyət yox, əvəzedici komandada görünür?
– Elmir ilə hələ yayda söhbətimiz olmuşdu. Sadəcə olaraq transfer pəncərəsinin son günlərində zədələndiyi üçün komandada qalmalı oldu. Bərpa prosesi keçdiyindən tam idman formasında deyildi və bizimlə məşqlərə qatılmırdı.
– Növbəti turlarda "Şamaxı", "Araz-Naxçıvan" və "Kəpəz"lə qarşılaşacaqsınız. Nisbətən xal almaq ehtimalı yüksək olan bu matçlardan gözləntiniz nədir?
– Püşk elə atılıb ki, geridə qalan 7 turda oynadığımız rəqiblərdən yalnız ikisi, "Qəbələ" və "İmişli" istisna olmaqla, qalan hamısı çempionluq mübarizəsi aparan klublar idi. İndiyədək məğlub olduğumuz matçları "qara zolaq" adlandırım, yoxsa rəqiblərin aşkar güc üstünlüyü, bilmirəm. Lakin düşünürəm ki, artıq dişimizə uyğun rəqiblərlə qarşılaşacağıq və həmin matçlarda mütləq şəkildə xal və xallar qazanmalıyıq.
– Ölkə kubokunda mübarizəyə başlayacaqsınız. "Şəfa" üçün əsas hədəf kubok olacaq, yoxsa prioritet çempionatdır?
– Bu, gedişatdan asılı olacaq. Əvvəlcə II Liqa təmsilçisi "Ağstafa Gəncləri" ilə oynayacağıq. Kubokun 1/4 final mərhələsi isə qış fasiləsindən sonraya təsadüf edir. Həmin vaxta qədər komandanın vəziyyətinə baxıb yekun qərar verəcəyik.