Millimizin sabiq futbolçusu Əfran İsmayılov gələcək karyerası ilə bağlı qərarını verib. 33 yaşlı yarımmüdafiəçi Sport24.az-a açıqlamasında keçən mövsümdən çıxış etdiyi "Səbail"də qalacağını bildirib.
Əfranın sözlərinə görə, bu məsələ böyük ölçüdə həll olunub və Bakıya qayıdışından sonra son nöqtə qoyulacaq: "Hazırda rayonda istirahətdəyəm. Klubumla telefon danışığımız olub, ilkin razılıq əldə etmişik. Ancaq hələ müqaviləyə imza atmaq olmayıb. Baş məşqçimiz Aftandil Hacıyevlə də söhbətim olub və 100 də olmasa, 80 faiz razılıq var. "Səbail"də maddi vəziyyət başadüşüləndi, bunu hamı bilir ki, gecikmələr olub. Büdcə aşağı düşdüyündən, bizdə maddiyyatla bağlı çətinliklər var. Ancaq bunu düşünmürəm. Mənə bu klubda çox rahatdı - bazası, şəraiti var, üstəlik, Bayıldakı bazası da evimə yaxındı. Həm də Aftandil müəllimlə bir-birimizi çoxdan tanıyırıq. Buna görə fikrim yalnız "Səbail" oldu. İnşallah, danışdığımız 1 illik müqaviləni bu ayın ikinci yarısında Bakıya dönüşümdən sonra imzalayacağıq".
İsmayılov hazırda gücü olduğundan, karyerasını hələ bitirmək haqda düşünmür: "Nə qədər tələb var mənə, oynayacam. Aftandil müəllim dedi ki, istəyirəm komandada qalasan, mənə kömək edəsən, Bu sözü deyibsə, yəqin ki, mənə ehtiyacı var".
Xatırladaq ki, Əfran keçən çempionatda 22 matçda (1427 dəqiqə) 3 qola imza atıb.