Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" – "Nyukasl" oyunundan (1:6) sonra qonaq komandanın baş məşqçisi Eddi Hau jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi…

 

– Növbəti matç "Everton" və "Mançester Siti" ilə matçlar arasında olacaq. "Qarabağ"la cavab görüşünə əsas heyətlə çıxacaqsınız?


– Qarşıda "Mançester Siti" ilə oyunumuz var. Birinci bunu düşünürük.

 

– Elvin Cəfərquliyevin qolunu necə şərh edərdiniz?


– Qapıçımız məyus oldu. Dominant komanda idik, amma müəyyən boşluqlar verdik. Lakin qapıçımız məyus oldu.

 

– Penalti ilə bağlı nə deyə bilərsiniz?


– Yenidən baxanda daha yaxşı təhlil edə bilərik. Anton Qordon istəyirdi ki, ikinci qolu vursun. Bütün oyunçular komandaya kömək etmək istəyirdi.

 

– Azarkeşlərlə aranızda pozitiv anlar oldu.


– Qələbə önəmlidir. Azarkeşlərimizin dəstəyi böyükdür. Onların uzaq səfərə gəlib, bizə dəstək göstərməsi əladır.

 

– 4 qol vuran Qordonla bağlı fikirləriniz nədir? 


– Çox gözəldir. İnanılmaz pressinq etdik və yaxşı əks-hücum imkanlarımız oldu.

 

– Ardıcıl ikinci səfər oyununda qələbə qazandınız. Komandanın 1/8 finalda olduğunu demək olar?


– Yaxşı şansımız var. "Qarabağ" burda "Çelsi"yə qarşı yaxşı oyun sərgiləmişdi. Cavab görüşündə də qələbə qazanmağa çalışacağıq.

 

– İkinci hissədə birinci yarıdakı oyunu göstərməməyinizin səbəbi "Qarabağ"ın daha yaxşı oynaması, ya komandanızın yorulmasıdır?


– İkisi də ola bilər. "Qarabağ" bir az çox topla oynadı və tempimiz aşağı düşdü. İkinci hissədə biz də topla az oynadıq.

 

– "Qarabağ" düşəndə bəxtinizin gətirdiyini düşündünüz? 


– Belə düşünmədim. Mütəmadi deyirəm, "Qarabağ"ın oyunlarına çox baxmışam. Onların yaxşı keyfiyyəti var. Bura gələndə bilirdik ki, çətin olacaq. "Qarabağ" çox zəif deyil.