Çempionlar Liqasının VII turunun "Qarabağ" – "Ayntraxt" oyunundan (3:2) sonra qonaq komandanın məşqçisi Dennis Şmidt jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– Çox qaçmalı olduq. Tez qol buraxdıq. Qələbə qazanmaq istəyirdik, tez qol buraxdıq, amma buna reaksiya verdik. Hesabı bərabərləşdirəndən sonra oyuna tarazlıq gəldi. İki komandanın da şansları var idi. İkinci hissədə "Qarabağ" pressinq edirdi. Önə keçsək də, tez hesabı bərabərləşdirdilər. 2:2-dən sonra "Qarabağ" yenidən təzyiqi artırdı. Fərdi mübarizələrdə uduzduq. Bu matçı təhlil edib, nəticə çıxaracağıq.

 

– Bu mövsüm ən çox qol vuran və buraxan komandasınız. Belə çətin vəziyyətdə Çempionlar Liqasında debüt etmək, bugünkü oyundan məğlubiyyətlə ayrılmaq gələcəyinizə necə təsir edəcək?

– Klubda qalacağam. Məsələ atdığımız addımlar, buraxdığımız səhvlərdir ki, araşdırmalıyıq. Gələcəkdə daha yaxşı oyunlar göstərməliyik.

 

– Almaniya komandaları avrokuboklarda ilk dəfə Azərbaycan klubuna uduzdu. Bu, sizin üçün nə deməkdir?

– Bugünkü oyun haqda danışa bilərəm. "Qarabağ" intizamlı, istəkli idi. Səhvimizdən istifadə edib, qələbə qazandılar.

 

– Komanda inamlı görünmürdü. Bu inamı qaytarmaq üçün nə etmək lazımdır?

– Fikrinizə hörmətlə yanaşıram. Lakin bu gün meydanda can qoyduq. İnamsız və ya zəif olduğumuzu deməzdim. Vaxtımız az idi. 75-ci dəqiqədə artıq öndə idik. Lakin sonradan baş verənlər o deməkdir ki, hardasa səhv etmişik.

 

– Oyunda hansı problem var idi? 

– Analizlərdən sonra deyə bilərəm. Sehrbaz deyilik, dərhal nəyisə dəyişə bilmərik.

 

– Komanda çətin dönəmlərdən keçir. Situasiyadan komandanı necə çıxarmağı düşünürsünüz? 

– Məğlubiyyət uşaqların halını pozdu, narahatdırlar. Təhlillər aparacağıq. Pozitiv məqamları da nəzərə alıb, növbəti oyunlara fokuslanacağıq.

 

– Azərbaycan klubuna məğlubiyyət faciə kimi qarşılanacaq? 

– Faciə deyil. Çempionlar Liqasında hər komanda keyfiyyətlidir. Bu gün də meydanda iki güclü komanda var idi.

 

– Bakıda məşq keçmədiyiniz üçün peşmanlıq hissi var?

Xeyir.